KANAL24.AZ
Az Iw En Ru

İranın əsassız narahatlığı

Azərbaycanın 27 sentyabr 2020-ci il tarixində öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün başladığı Vətən müharibəsi və 44 gün ərzində əldə etdiyi tarixi qələbənin buna sevinməli olan “müsəlman qardaşımız”, “şiə qardaşımız” olan İran İslam Respublikasını niyə belə narahat etdiyini anlamaq çətindir.

Əksinə, sağlam məntiqə görə Azərbaycanın qələbəsinə ən çox sevinən ölkələrdən biri məhz İran olmalıydı. Ən azı ona görə ki, yüzlərlə kilometr müştərək sərhəddimiz var, sərhəd boyu bütün İran əhalisi məhz azərbaycanlılardan ibarətdir. Onların min illər boyu yaşadıqları, ölkənin bütün şimal-qərbini təşkil edən geniş bir coğrafiya tarixən də Azərbaycan adlanmış, indi də Azərbaycan adlanır. İranın, demək olar ki, bütün digər əyalətlərində də milyonlarla azərbaycan türkü yaşayır və İran rəsmilərinin də ifadə etdikləri kimi, onlar bu ölkə əhalisinin 43 faizini təşkil edirlər. Bu Azərbaycan Respublikasının əhalisindən təqribən 3,5 ya 4 dəfə çox deməkdir. Tarixi hadisələrin gedişində, Rus-İran müharibələrinin nəticəsində XIX əsrin ilk rübündə bölünüb bir-birindən ayrılsa da, bu xalq bir bütövdür. Dili, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri, dini inancı, tarixən formalaşmış coğrafiyası ilə bu bir bütöv xalqdır. Belə bir güclü amili İran hakimiyyəti əsla nəzərə almırsa, deməli oradakı rəsmi dairələrdə sağlam məntiqlə düşünmürlər.
Bu şəraitdə haqlı suallar doğulur. Məgər Azərbaycanın təcavüzkar erməni ordusunu öz ərazilərindən, o cümlədən 30 il işğalda tutulan Azərbaycan-İran sərhəddindən qovaraq çıxartdığına bizlər qədər sevinən İran azərbaycanlılarının sevinc və coşqusunu, Arazın bu tayındakı soydaşlarına hüsn-rəğbət və mənəvi dəstək göstərdiklərini İran rəsmiləri görmədilərmi? Yaxud, təcavüzkar dövlətə yanacaq, silah-sürsat və başqa ləvazimatlar verərkən sərhəd boyu məntəqələrində sakin olan azərbaycanlıların necə kəskin etiraz hərəkətlərinə əl atdığını unutdularmı?
İranın rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına çox kəskin reaksiya verməsi də anlaşılan deyil. Axı bu dəhlizin açılması İran-Ermənistan sərhəddini necə poza bilər, İran-Ermənistan əlaqələrinə necə mane ola bilər? 1940-cı illərdən üzü bəri Bakıdan, Rusiyadan İrəvana qatarlar məhz həmin marşurut xəttindən keçirdi. Moskvadan Tehrana gedən qatarlar məhz bu yolla Culfaya gəlir və İran ərazisinə keçirdi. Bu xətt yalnız 1992-ci ildə, Ermənistanın işğalı nəticəsində bağlanmış və Naxçıvan MR bütün bu illər ərzində blokadada qalmışdı.
Məlum olduğu kimi, 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə gələndən ömrünün sonunadək qonşu İran İslam Respublikası ilə ancaq və ancaq mehriban qonşuluq və dostluq münasibətlərinin bərqərar olmasına çalışmışdı. Həmin siyasət, daha da əhatəli olmaqla, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməkdədir. Mehriban qonşuluq naminə bir sıra hallarda bu qonşu ölkə üçün güzəştlərə də gedilmişdir. Azərbaycan dövləti heç bir zaman İranın milli mənafeyinə zərər vuracaq bir addım atmamış, hətta İrana qarşı Qərbin sanksiyalarına baxmayaraq bu ölkə iləillər boyu fəal əməkdaşlıq etmiş, birgə iqtisadi layihələr reallaşdırmış, həm ikitərəfli, həm regional təşkilatlar çərçivəsində enerji, nəqliyyat və sair sahələrdə geniş tədbirlər həyata keçirmişdir.
Azərbaycanın Vətən müharibəsində haqlı mübarizəsini geç də olsa, qəbul edən, lakin Ermənistan sərhəddinin İran üçün “qırmızı xətt” təşkil etdiyini bəyan edən İran dövləti rəhbərliyindən soruşmaq haqqımızdır ki, Azərbaycan-İran sərhəddinin 130 kilometri ermənilər tərəfindən işğal ediləndə nə üçün susurdu? Qonşu və böyük dövlət olaraq bircə dəfə Füzuli, Qubadlı, Zəngilan işğal ediləndə təcavüzkara işğalı dayandırmaq üçün cağırış, ya xəbərdarlıq etdimi? Bu kimi yüzlərlə suallar yarana bilər. Cavab məlumdur. Ölkənin şimalında müstəqil, inkişaf edən, güclü Azərbaycan dövlətini İran heç zaman istəməmişdir.
Burada bir faktı da xatırlatmaq yerinə düər. 1918-ci ilin sentyabrında Məhəmməd Əmin Rəsulzadə İstanbulda Azərbaycan höküməti adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barəsində “İstiqlal Bəyannaməsi”ni İran Konsulluğuna göndərmişdi. Konsulluqda həmin sənədi geri qaytarıb yazmışdılar ki, İran “Azərbaycan adında dövlətin müstəqilliyini tanımır”. Yaxud, 1919-cu ildə Paris konfransında İran nümayəndə heyəti və heyətinin rəhbəri Xarici İşlər naziri Əliqulu xan Azərbaycan Respublikasına və bəzi digər ölkələrə ərazi iddiaları qaldırmışdı, Xəzər dənizində İranın hüquqları barəsində tələblər irəli sürmüşdü. Yalnız, bu iddialar rədd edildikdən sonra İran heyəti və onun rəhbəri Əlimərdan bəy Topçubaşovla əməkdaşlıq etməyə başlamış, müxtəlif iş birlikləri təklif etmişdi. Hətta, İranın yeni Xarici işlər naziri Firuz Mirzə Azərbaycanla bir konfederasiya şəklində müştərək dövlət qurmaq təklifini Parisdə Azərbaycan heyətinə yetirmişdi...
Hələ 1918-ci ilin mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin adına qarşı çıxan, tarixi Azərbaycanın şimalında müasir demokratik, müstəqil Azərbaycan dövlətinin meydana gəlməsini ağrı ilə qarşılayan İran Şahlıq dövləti yalnız 1919-cu ilin yayında, bir ildən sonra Azərbaycanla əlaqələr qurmağa başladı və 1920-ci il martın 20-də bizim ölkəni tanıdığını bildirdi. Eləcə də, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən təqribən 5 ay sonra, 1992-ci il martın 12-də Azərbaycan Respublikasını tanıdı və bu sırada 19-cu ölkə oldu. Bu da qonşu ölkənin müsəlman Azərbaycan Respublikasına münasibəti!
Ulu öndər Heydər Əliyev hələ Naxçıvan MR Ali Məclisinin sədri olarkən İranla əlaqələrə xüsusi önəm verirdi və 1992-ci ilin avqustunda İrana səfər etmiş, ölkə rəhbəri və digər yüksək rəsmilərlə görüşmüş, o zaman Naxçıvan üçün çox gərəkli olan “Əməkdaşlıq protokolu” imzalanmışdı. Heydər Əliyev Azərbaycanın prezidenti seçiləndən sonra bir neçə dəfə İrana rəsmi və işgüzar səfər etmiş, qonşu ölkə ilə dostluq münasibətləri qurulması üçün səylər göstərmişdi. Həmçinin, İran prezidenti və rəsmi dövlət adamları dəfələrlə ölkəmizdə səfərdə olmuş, müxtəlif əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Gözləmək olardı ki, ölkələrimiz arasında 1992-1993 (iyun) illərdə yaranmış soyuqluq aradan qalxacaq, Azərbaycan Respublikasına İranın münasibətində müsbət dəyişikliklər baş verəcək. Lakin, İrandan ölkəmizin daxili və xarici siyasətinə təsir etmək cəhdləri heç dayanmadı. Azərbaycan dövlətinin İran səfirliyi üçün, həmin ölkənin müxtəlif nümayəndəlikləri və qurumları üçün hər cür şərait yaratmağına baxmayaraq, Azərbaycanın İrandakı səfirliyinə Tehranda indiyədək yer verilməmiş və Səfirlik dəfələrlə icarə etdiyi binaları dəyişməli olmuşdur. Qarşılıqlı razılaşma sənədinə baxmayaraq İran Naxçıvanda Baş Konsulluğunu 1993-cü ildə açsa da, Azərbaycanın Təbrizdə Baş Konsulluğunun fəaliyyətinə yalnız on ildən sonra icazə vermişdir. Azərbaycanın Təbrizə 1996-cı ilin fevralında təyin edilmiş Baş Konsulu (bu sətirləri yazan) beş il əməkdaşları ilə birlikdə Tehranda, Azərbaycan səfirliyində işləməli olmuşdu.
Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın əsas hissəsindən təcrid edilən Naxçıvan MR-na iqtisadi yardımlar edən İran uzun müzakirələrdən sonra öz ərazisindən yol açılmasına izn versə də, hava məkanından Naxçıvana uçuşlara imkan verməmişdir. Yalnız son illərdə Azərbaycana bu imkan yaradılmışdır. Yaxud, keçən əsrin 90-cı illərində Azərbaycan dövlətinin Konstitusion quruluşuna müdaxilə etmək, dini-siyasi partiyalar yaratmaq, xalqın birliyini pozmaq üçün təriqətçilik yaymaq, ölkəmizdə dini mühiti iranlılaşdırmaq, şirnikləndirmə yolu ilə ölkənin ziyalılarını, yaradıcı şəxsləri, dindarları ələ almaq, onları mütəmadi olaraq İranda keçirilən dini-siyasi tədbirlərə dəvət etmək, belə səfərləri və cürbəcür ziyarətləri (Məşhədə və başqa yerlərə) maliyələşdirmək, İran tərəfdən narkotik qaçaqmalçılığına göz yummaq kimi fəaliyyətlər davam etmişdir, indi də belə cəhdlər edilir.
Azərbaycanda dövlət çevrilişlərinə cəhd edən və insanların ölümünə səbəb olanların, dövlət adamlarına sui-qəsdlərin təşkilatçı və iştirakçılarının İrana sığınması, orada himayə olunması və onların anti-Azərbaycan fəaliyyətlərinə imkan yaradılması halları Azərbaycan xalqına yaxşı məlumdur.
Azərbaycanın neft-qaz istismarı və ixracı ilə əlaqədar böyük beynəlxalq layihələrinə mane olmaq üçün “Xəzərin Statusu” məsələsini ortaya atan, müxtəlif iddialar qaldıran İranın əsas niyyəti Azərbaycanın inkişafı və güclü dövlətə çevrilməsinin qarşısını almaq, onun İran azərbaycanlıları üçün cəlbedici, nümunə olduğunu əngəlləmək idi. 2001-ci ilin iyulunda Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan “Geofizik-3”, “Əlif Hacıyev” gəmilərinin İranın hərbi təyyarələri tərəfindən təhdid edildi, bu isə oradakı işlərin dayandırılmasına səbəb oldu. Qardaş Türkiyənin Azərbaycana həmrəylik dəstəyinin səmada nümayişi İran rəsmilərini bir qədər sakitləşdirdi.
Yaxud həmin il Azərbaycan hökümətinin qərarı ilə Dünya azərbaycanlıların birinci qurultayının keçirilməsi, ümumiyyətlə Azərbaycan dövlətinin diaspor siyasəti İranın anlaşılmayan narahatlığını doğurdu. Bir iranlı siyasətşünas hətta yazmışdı ki, öz torpaqlarını işğaldan azad edə bilməyən Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının necə Vətəni və himayəçisi ola bilər. Belə bir haqq İranın olmalıdır. Yəni, İranda müstəqil Azərbaycan Respublikasının bu tarixi missiyası da şübhə altına salınırdı.
Torpaqlarımızın Ermənistanın işğalı altında olduğu illərdə şəhərlərimizi, kəndlərimizi, bütün infrastrukturu, yerüstü, yeraltı metal konstruksiyaları, tikinti materiallarını, hazır avadanlıqları, bir sözlə istifadə edilə bilən nə varsa talayan ermənilərin ən yaxın bazarı elə İran idi. Azərbaycanlı evlərə, həyətlərə məxsus dəmir darvazaların İranın şəhər və qəsəbələrində satılmasını görməmək mümkün deyildi.
Təbii ki, bütün bunlar və bir sıra digər belə faktlar Azərbaycanın müvafiq qurumlarına məlum idi. Lakin, Azərbaycan rəhbərliyi hər zaman təmkin, xoş münasibət sərgiləyir, əməkdaşlıq siyasətinə üstünlük verirdi.
Məlum olduğu kimi, Azərbaycan öz yolu ilə gedir və müstəqilliyin 30 ilində böyük və uğurlu bir məsafə qət edilmişdir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ardıcıl davam etdirilir, prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng yerli və beynəlxalq layihələr reallaşdırılır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizi qarşıdurma deyil, əməkdaşlıq zonasına çevrilmişdir. İran şirkətlərinin işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasına dəvət edilməsi də bu siyasətin tərkib hissəsidir.
Düşünürük ki, son iki il ərzində Azərbaycan sərhəddində bir neçə dəfə irimiqyaslı, müxtəlif qoşun növlərinin qatıldığı döyüş təlimlərinin keçirilməsi, Araz çayının keçilməsinin məşq edilməsi heç də Azərbaycanla İran arasında bağlanmış dostluq və əməkdaşlıq sənədlərinə, xalqlarımızın çoxəsrlik müştərək dəyərlərinə uyğun olmayan fəaliyyətlərdir. Bu şəkildə əzələ nümayişi gərgin daxili qarşıdurmalar, etiraz nümayişləri və iştişaşlarla üzbəüz qalan İran İslam Respublikasına şərəf gətirmir, olkənin heç də xoş olmayan beynəlxalq imicinə də ciddi zərər vurur.
Eynulla Mədətli
Tarix elmləri doktoru
Fövqəladə və səlahiyyətli səfir.


18:57 31.10.2022