Dünyada komanda idman növləri arasında sevilən tək futbol deyil. Bu sıraya basketbol, voleybolla yanaşı həm də reqbini də əlavə etmək olar. Bu idman növünün dünyada böyük azarkeş kütləsi var. 1823-də İngiltərədə Reqbi şəhərinin eyni adlı məktəbində yaradılmış idman növünə maraq illər keçdikcə daha da artır. "Reqbi-7" növündə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur.
1924-cü il olimpiadasından sonra Olimpiya növləri sırasından çıxarılan reqbi, Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə baş tutan 121-ci sessiyasında 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
Ölkəmizdə də "reqbi-7"ə maraq göstərənlər az deyil. Bir ara hətta reqbi üzrə Azərbaycan millisi də beynəlxalq yarışlarda da iştirak edib. Hazırda isə reqbinin yaşaması üçün mübarizə aparanlardan biri Nizami Mahmudovdu. Milli komandamızın sabiq üzvü hazırda "Qarabağ" reqbi klubunun baş məşqçisi bu idman növünün ölkəmizdəki durumundan söhbət açıb.
- Reqbinin Azərbaycana gəlişi nə vaxt təsadüf edir və bu, necə baş verib?
- Reqbi Azərbaycana 1999-cu illərdə həvəskar əcnəbilər tərəfindən qədəm qoyub. Artıq 2000-ci ildə əcnəbilərə qoşulan bizim gənclər reqbinin Azərbaycanda inkişafına təkan verib. 2001-ci ildə xarici şirkətin dəstəyi ilə “Bakı Reqbi Klubu” yaradılmış və 2003-cü ilə qədər bir neçə beynəlxalq yarışlara qatılmışdı. 2004-cü ildə Azərbaycan Reqbi Federasiyası yaradıldı. Ardınca isə “Bakı Reqbi Klubunun təcrübə qazanmış oyunçularından ibarət milli komanda ərsəyə gətirildi. Quram Modebadzenin başçılığı altında 2005-ci ildə Avropa Millətlər kubokunda Bosniya üzərində ilk qələbəni qazandıq. Səkkiz ildən sonra isə millimiz Avropa turnirlərində iştirak etmişdi, Lixtenşteyn, İslandiya, Norveç kimi komandaları məğlubiyyətə uğratmışdı.
- Reqbiyə ölkəmizdə olan maraq nə yerdədi? Sizcə, kütləviliyi necə artırmaq olar?- Bildiyiniz kimi reqbi-7 olimpiya idman növüdür. Amma təəssüf ki, ölkəmizdə reqbi idmanı populyar deyil. Hazırda bir neçə veteran reqbiçi sayəsində bu idman növü Azərbaycanda yaşayır. Əlimizdən gələni edirik ki, reqbi populyarlıq qazansın. Bunun üçün məktəblərdə, universitetlərdə reqbi dərnəkləri yaradılması zəruridir.
- Bir ara Azərbaycan millisi də yarışlarda iştirak edirdi. Siz özünüz də milli üzvü idiniz. Sonradan nə baş verdi ki, milli səviyyədə də yarışlarda iştirak etmirsiz?
- 2013-cü ildən etibarən maliyyə çatışmazlığından millinin turnirlərdə iştirakı mümkün olmamışdı. Yəni, bir növ sükut hökm sürməyə başladı. 2016-cı ildən uşaq reqbisinin inkişafı yalnız “Pələng”, “Qarabağ” və “TİSA Titans” klublarının adına yazmaq olar. Hər şey maliyyə dəstəyindən asılıdı. 2013-2016-cı illərdə maliyyə çatımazlığı səbəbindən turnirlərin keçirilməsi, klubların saxlanılması, uşaq və yeniyetmə reqbiçilərin yetişdirilməsi prosesi demək olar kı sıfır səviyyəsində idi.
- Səhv etmirəmsə, bu il reqbinin ölkəmizdəki inkişafı ilə bağlı müəyyən işlər görülməlidi. Hansı işlər görülməlidi ki, reqbi ölkəmizdə sevilsin?
- Bəli, bu il reqbinin inkişaf etdirilməsində qığılcımlar görünməkdədir. Cənab nazir Fərid Qayıbovun reqbi ilə maraqlanması bu idman növünün inkişafına ümidlər yaradır. Hazırda yeni Azərbaycan Reqbi Federasiyasının yaradılması gündəmdədir. İnanırıq ki, azərbaycanda yaxın günlərdə reqbiyə yeni bir nəfəs veriləcək.
- "Qarabağ" reqbi klubu olaraq hansı işləri görürsüz? - “Qarabağ” reqbi klubundan 2016-cı ildə təklif almışam. O dövrdən komandanın baş məşqçisi vəzifəsində çalışıram. Düzdür, 2017-2019-cu illərdə klubun fəaliyyətində fasilələr olmuşdur. Hazırda 3 yaş qrupunda komandamız var. Bəzi təşkilatların və reqbisevər insanların dəstəyi ilə məşqləri davam etdiririk. Reqbi-7 üzrə 2021-ci ildən müxtəlif yaş qruplarında ölkə çempionatları keçirilir. 2021-ci ildə keçirilən ölkə kubokunda 2010-2012-ci il təvəllüdlü komandamız birinci yerə layiq görülmüşdür. Növbəti ayda 4 uşaq komandası arasında ölkə kubokunda iştirakımız nəzərdə tutulub.
- Gürcüstanda keçirilən yarışlara tez-tez qoşulursuz, iştirak edirsiz. Oradakı ölkə çempionatda iştirak etmək ehtimalınız var?
- Ümumiyyətlə, Gürcüstan təcrübəsinə çox ehtiyacımız var. Gürcüstan klublarına qarşı hər bir oyunun klubumuza çox xeyri olur. 2021-ci ildən etibarən “Qarabağ”ın uşaq komandası Tiflis şəhərində ənənəvi turnirdə iştirak edir və Azərbaycanı layiqincə təmsil edir. Gürcü klubları üzərində qələbələrimiz komanda əhval-ruhiyyəsinə xoş təsir bağışlayır. Belə turnirlərdə daha çox iştirak etmək, beynəlxalq turnirlərə ev sahibliyi etmək üçün də yenə də maliyyə dəstəyinə ehtiyac vardır.
- Gürcüstanda reqbi-7 çox sevilir. Həm liqa, həm də millinin oyunlarına maraq böyükdü. Sizcə, onlardan hansı nümunəni götürməliyik?
- Gürcüstan Avropada 7-ci, dünyada 12-ci yerdə qərarlaşıb. Onlarda reqbiyə olan maraq futbolu üstələyir desəm yəqin ki, yanılmaram. Onlardan hələ ki, öyrənəcəyimiz çox şey var.
- "Qarabağ" futbol klubu çox uğurlu çıxış edir, bəs reqbi klubu necə, onlar qədər Avropada uğurlu ola bilər? Maliyyə dəstəyi var?
- Əlbətdə ki, lazımı səviyyədə “dəstək” olarsa, 5-10 illik inkişaf proqramlarının uğurlu tətbiqi nəticəsində həm Avropada, həm Asiyada “Qarabağ” reqbi klubu öz sözünü deyə bilər.
Mirbağırağa Cəfərli
00:17 17.10.2022