KANAL24.AZ
Az Iw En Ru

“Müəllimi belə aşağılamaq olmaz, bəlkə adlarını da açıqlayasınız?” – Deputat Emin Əmrullayevə səsləndi

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı elm və təhsil naziri Emin Əmrullayevin imtahanda iştirak edən 2 min müəllimin kvadratın perimetrini hesablaya bilməməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Turantv.az-ın məlumatına görə, A.Naxçıvanlı Pravda.az-a açıqlamasında deyib ki, nazirin müəllimlərə bu cür yanaşmasını qəbul etmir.

Deputat həmin müəllimlərin kimliyinin məlum olmadığını bildirib: “Axı heç bir kvalifikasiya getməyib. Bu müəllimlər universiteti yeni bitirənlərdirmi, yoxsa uzun müddət öz sahəsində işləyənlərdirmi? Söhbət riyaziyyatdan gedir. Bəlkə o müəllim təkmilləşib sonradan riyaziyyat müəllimi olub? Bunların heç birinin təhlili getməyib. Təkmilləşmə yolu ilə riyaziyyat müəllimi olubsa, əlbəttə, kvadratın perimetrini bilməyə bilər. 1-2 aylıq təkmilləşmə, yaxud ixtisasdəyişmə o müəllimə heç nə verə bilməz, çünki bünövrəsi qoyulmayıb. Mən, ümumiyyətlə, yeni universitet bitirən müəllimlərin diaqnostikadan keçib işə götürülməsinin tam əleyhinəyəm. Bu müəllim universiteti bitirir, diplomunu alır. Təkrarən gedir Elm və Təhsil Nazirliyində hansısa qurum qarşısında imtahan verir. Diplom alanda rektor daxil bütün komissiya üzvləri diploma imza çəkir. Belə çıxır ki, universitetin bu boyda imtahan komissiyasında oturanlar səriştəsiz adamlar oldular, müəllimə düzgün diplom vermədilər, ona görə də yenidən yoxlanılır? Yaxşısı budur, əvvəlki təyinatla olsun, ya da müəllimə sınaq müddəti verilə bilər ki, gedib hansısa rayonda, kənddə 3 il işləsin. Yoxsa eləsi olur ki, “qırmızı diplom”la universitet bitirir, gedib yenidən diaqnostikadan keçir. Bu nə dərəcədə düzgündür? Düzgün deyil. Müəllimin nəsə bilməməsi son zamanlar harada təkmilləşməsindən, ixtisasını artırmasından asılıdır. Avstraliya kimi ölkədə belə bir qayda var, müəllim özü üç ildən bir təkmilləşmə institutuna yazılır, hansı proqramda geri qalırsa, həmin proqramı tələb edir, bu sahədə təkmilləşir. Bizdə indi belə şey varmı? Azərbaycan Müəllimlər İnstitutunun rəhbəri olmuşam. O vaxtlar təkmilləşmə var idi, indi o da yoxdur. İxtisasartırma da, yenidənhazırlıq da bilmirəm, nə gündədir. Bunların hamısı səhmana düşməlidir, müəllim təkcə özü öz üzərində işləməsin, gəlib professorlara, məktəbi olan müəllimlərə qulaq assın”.

A.Naxçıvanlı bildirib ki, xaricdə belə bir təcrübə var: “5-10 ildən sonra müəllim təkmilləşməyə getmir, artıq onun özünün məktəbi olur. Deyirlər “filankəsin məktəbidir”. Bizdə məktəbi olan müəllimlər varmı ki, gedib müəllim kimi ondan dərs alaq, dərsində oturub təkmilləşək? Axı bizdə belə şey yoxdur. “Müəllim hansısa bir düsturu bilmədi…” Bəlkə imtahan verən hansısa 50-60 yaşında müəllim idi, şübhəsiz ki, onun psixoloji durumu elə vəziyyətdə ola bilər. Təsəvvür edin, həmişə imtahan götürən adam indi özü imtahan verməyə gəlib. Özünü itirə, fikrini toplamaya, əsəbləşə də bilər. Başqa emosional vəziyyəti ola bilər. O demək deyil ki, bu, savadsız müəllimdir. Bir imtahanla müəllimin savadını yoxlamaqmı olar? Bu, hərtərəfli inkişaf etmiş adamdır. Belə şeylərin əleyhinəyəm. Müəllimi belə aşağılamaq olmaz. Müəllim müəllimdir, nüfuzdur. Bəlkə elə bir kvadratın perimetrini bilməyən müəllimlərin adlarını da yazsınlar, bütün kənd, bütün mahal bilsin?! Düzgün olan şey deyil. Qeyd götürərdilər, məsələni işıqlandırmadan həmin müəllimləri ayrıca yığıb dərs keçmək, ya da səbəbini öyrənmək olar. İndividual, fərdi qaydada həmin müəllimin biliyini yoxlamaq olar. Bəlkə elə müəllim var, doğrudan da, savadlıdır, amma 200 nəfər oturan zalda özünü itirdi, heç nə yaza, hətta imla da yaza bilmədi. Bu, o demək deyil ki, savadsız müəllimdir. Bəs neçə il imtahan verib, oxuyub, bu, nə demək idi? Belə çıxır ki, biz universitetlərin səviyyəsini sual altına qoyuruq? Bu müəllimlər axı oxuyublar, onlara professorlar, dosentlər dərs deyib. Onda nə oldu, bunların hamısı itdimi? Onları işıqlandırmaq, adlarını göstərmək, belə halı reklam etmək düzgün yanaşma deyil. Fərdi yanaşmaq lazımdır. Ulu öndərimizin müəllim haqqında bilirsiniz ki, necə fikirləri var. Ulu öndərin aforizmləri ən çox müəllimə həsr olunub. Heydər Əliyev deyirdi ki, “mən müəllimdən yüksək ad tanımıram”. Müəllimin yüksək adını biz niyə aşağı salmalıyıq? Müəllim həmişə yüksəkdə olmalıdır. Cəmiyyətimizin gələcəyi təhsillə bağlıdır. Bunun başında duran isə müəllimdir”.

 
 

05:06 15.10.2022