Son vaxtlar ölkəmizdə yüksək vəzifəli şəxslərin adları hallanan dələduzluq əməllərinin sayı artmaqdadır. Əsasən də həmin məmurların qohumları tərəfindən həyata keçirilən vətəndaşların etibarından sui-istifadə halları dövlət qulluqçularını da hörmətdən salmaqdadır. Belə ki, özünü Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qudası kimi təqdim edən İmanov Telman Qüdrət oğlu tərəfindən aldadılmış vətəndaş aktualxeber.az-a üz tutaraq pozulmuş hüquqlarının bərpa edilməsi və onun ailəsinə dəyən maddi ziyanın ödənilməsi məqsədilə bu faktın ictimailəşdirilərək kömək etməyimizi istəmişdir.
Azərbaycan Respublikası Prezidentinə və redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Bakı şəhər Binəqədi rayon Biləcəri qəsəbə sakini Cavadov Fərid Vaqif oğlu müraciətində iddia edir ki, 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin Ələt Stansiyasında rəis müavini işləyərkən uzun müddətdir tanıdığı Ağcabədi rayon sakini T.İmanov onu qudası O.Hacıyevin təklif etdiyi FHN-in Maddi-Texniki Təchizat İdarəsində şöbə müdiri vəzifəsinə təyin etdirmək üçün 150.000 manat rüşvət lazım olduğunu bildirmişdir. Həmin vaxt onun nağd pulunun olmadığı üçün Moskva şəhərində yerləşən dəyəri təxminən 100.000 ABŞ dolları olan mənzilini Telmanın qohumunun adına keçirmişdir. Həmin vaxtdan bu günə qədər nə vətəndaşın işi düzəlmiş, nə də ona dəyən maddi ziyan ödənilmişdir. Pulu tələb edəndə isə Telman qudasının adıyla vətəndaşı müxtəlif üsullarla hədələməkdən belə çəkinmir. Vətəndaş iddia edir ki, generalın qudası ondan başqa bir neçə nəfərə qarşı da dələduzluq etmişdir. Onların şikayəti əsasında Telman bu gün Binəqədi RPİ əməkdaşları tərəfindən saxlanmışdır.Ümidvarıq ki, bu yazımızdan sonra Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və hüquq-mühafizə orqanları vətəndaşın hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində ən ciddi tədbirlər həyata keçirəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.