KANAL24.AZ
Az Iw En Ru

Səttar Möhbalıyevin qardaşının evində öldürülən şəxsin kimliyi hələ də müəyyən edilməyib

Altı ay öncə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının evində öldürülən şəxsin kimliyi hələ də müəyyən edilməyib.

DİN-in Mətbuat Xidmətindən MillətinSəsi.info-ya bildirilib ki, 2021-ci il sentyabrın 29-da Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 60-70 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Onun xarakterik əlamətləri belədir:  Boyu 163 santimetr, arıq bədən quruluşludur.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan  DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 392-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Belə ki, qətl hadisəsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. Hələlik kimliyi təsdiqlənməyən şəxs villaya oğurluğa girib. Həmin vaxt gözətçi Ramin Əlixanov külünglə onu başından vuraraq öldürüb. Daha sonra meyiti qonşunun yaşayış olmayan evinin həyətində basdırıb. Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.

Qeyd edək ki, F.Möhbalıyev 2018-ci il mart ayında vəfat etdiyindən həmin ev hazırda onun oğlu Suliddin Möhbalıyevin adınadır.

Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.


14:17 15.03.2022