KANAL24.AZ
Az Iw En Ru

“Xəzərdəki hadisənin dronla çəkilməsi qeyri-mümkündür”

İyulun 4-də Xəzər dənizində baş verən vulkan püskürməsindən sonra sosial şəbəkələrdə medianı hadisə yerindən çəkiliş etmədiyinə görə ittiham edənlər az deyil. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də məsələ ilə bağlı status yazaraq medianın texnoloji imkanlarının yetərli olmamasına diqqət çəkib.
O qeyd edib ki, bir müddət öncə, nəinki özəl medianın, hətta AzTV, İTV kimi dövlət media qurumunun da dronlar və helikopterlərə malik olmamasını vurğulayıb:
"Düşünürəm ki, medianın texniki və texnoloji imkanları indiki zamanda olduqca vacib məsələlərdir. Əgər biz istəyiriksə ki, öz media qurumlarımız mənbə olsun, operativ olsun, regional və qlobal bazarlara çıxa bilsin onda onlar üçün daxildəki informasiya əldə etmək və ötürmək imkanları yetərincə əlçatan, innovativ, çevik və effektiv olmalıdır. Əks halda isə biz məlumatları başqa mənbələrdən, çox zaman da təhrif olunmuş formada almaq məcburiyyətində qalırıq".
AzTV-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva bildirib ki, AzTV-nin əməkdaşları dərhal hadisə yerinə doğru müəyyən qədər məsafə qət ediblər:
"Lakin hadisə zamanı hava şəraitinin küləkli olmasına görə, təhlükəsizlik işçiləri onları yaxınlaşmağa icazə verməyib. Buna görə də hadisə yerində dronla çəkiliş etmək mümkün olmayıb. Yanğın birbaşa bağlantı ilə AzTV-də yayımlanıb".
İTV-nin mətbuat xidmətinin rəhbəri Ələsgər Vəliyev isə qeyd edib ki, İctimai Televiziya çəkilişlər üçün müasir dron avadanlığına sahibdir:
"Amma müasir televiziyaların istifadəsində olan dronlar onu idarə edən şəxsdən ən uzağı, maksimum 7 kilometr məsafəyədək çəkiliş edə bilir. Bu hadisə isə sahildən 30 kilometr məsafədə baş verdiyindən, onun mülki dronla çəkilməsi qeyri-mümkündür.
Bununla belə, hadisə baş verən andan İctimai Televiziyanın sosial səhifə hesablarında anbaan işıqlandırılıb. Müvafiq dövlət qurumlarının mövqeləri verilib. Hətta ərazinin yaxınlığından canlı yayım edilməsi üçün bütün texniki imkanlar çəkilişə cəlb edilib, lakin qısa müddət sonra alov görünmədiyi üçün gecə baş verən bu hadisədən canlı yayım etmək mümkün olmayıb.
Müvafiq dövlət qurumlarının rəsmi şəxsləri ilə daim əlaqə saxlanılıb və şərait olduğu halda, İctimai Televiziya hadisənin canlı olaraq işıqlandırılması üçün əlindən gələni etməyə hazır olub".

17:00 06.07.2021