KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan cəmiyyəti əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub

May ayının 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. 100-dən çox ölkəni təmsil
edən 700 mötəbər qonağın iştirak etdiyi Forumda AZərbaycan Prezidenti cənab İlham Əliyev
iştirak edib.
Qeyd edilməlidir ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və
dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır.
Multikulturalizmi həyat tərzinə, həm də siyasətinin mühüm elementinə  çevirən Azərbaycanın
bugünkü sürətli inkişafı  məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin
nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa
təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan dünya miqyasında
mədəniyyət və dinlərarası münasibətlərin qurulmasında və dialoq üçün imkanların
yaradılmasında  önəmli rol oynayır. Hətta 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü
ilə  müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı
insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan
fikir mübadiləsi üçün “Bakı Prosesi” adlı  platforma  da təşkil olunub.
“Bakı Prosesi” çərçivəsində indiyədək beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin
qovuşduğu məkan kimi tanınan paytaxtımız bir sıra tədbirlərə – Bakı Beynəlxalq Humanitar
Forumuna,  Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar
Alyansının Qlobal Forumuna, o cümlədən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və
qlobal səviyyədə yeganə platforma olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 
ev sahibliyi edib. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma
və əməkdaşlığa söykənən siyasət yürüdür. 2011-ci ildən indiyədək ölkəmizdə beş
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Amma qlobal pandemiya ilə
əlaqədar bu Forumun işində fasilə yaranmışdı.
Mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: Əməkdaşlıq
və qarşılıqlı əlaqələr” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Heydər
Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Birləşmiş
Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC), UNESCO-nun, İSESCO-nun və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub. Tədbirdə dünyanın
müxtəlif ölkələrindən ümumilikdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın, o
cümlədən 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın
nümayəndələri  iştirak ediblər.
Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki,
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi,
Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Forumunun açılış
mərasimindəki çıxışında ölkəmizin başçısı qeyd edib ki, “Çoxmədəniyyətli və böyük etnik
müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı
hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin
təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin,
dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və
mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”, – deyə
dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-la bağlı
məlumat verdi. “Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz
indi öz rolumuzu körpülərin salınmasında görürük”. Tariximiz, coğrafiyamız, qarşılıqlı
əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə
Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin
başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı
etimad lazımdır”.
Mayın 3-dək davam edəcək VI Forum çərçivəsində dünyada baş alıb gedən
haqsızlıqlara, ayrı-seçkiliyə, ksenofobiyanın və ekstremizmin bütün formalarına qarşı açıq-

aydın mesaj göndəriləcək, tərəfdaşlıq, həmrəylik və əməkdaşlıq gücləndiriləcək, nəticədə
mədəniyyətlər arasında növbəti körpü yaradılacaq.
Yeri gəlmişkən qeyd edək ki, üç gün davam edəcək Forum çərçivəsində 12 panel
müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim
dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz
miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının işğaldan azad edilmiş
ərazilərə səfəri də gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da
keçirilməsi nəzərdə tutulur. Bununla tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə 
erməni vandalizminin vəhşiliklərini görməklə yanaşı, aparılan yenidənqurmanın şahidi ola
biləcəklər. Bu, şübhəsiz, Çənubi Qafqazda sülhün bərqərar olması məqsədilə bütün
imkanlarından yararlanan və bu istiqamətdə yorulmadan çalışan Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında önəmli rol oynayacaq.
Başqa sözlə desək, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  Azərbaycanın
işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platformaya da
çevriləcək. Bir sözlə, Forumun nəticələri çox müsbət olacaq və bu mötəbər tədbir
mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar olacaq.
Mircamal Həşimov,
Sabirabad rayon Təhsil sektorunun müdiri


07:41 05.05.2024
Xəbər lenti
Bütün xəbərlər