KANAL24.AZ
Az Iw En Ru

Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir

Bakı artıq beynəlxalq arenada vacib məsələlərin müzakirə edildiyi, mühüm qərarların verildiyi
məkan kimi xarakterizə edilir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan
Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və
humanitar mərkəzi kimi çıxış edir. Bu günlərdə Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq"
mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ölkəmizə 110 ölkənin 700
nümayəndəsinin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verir. Bakı prosesi dünya
dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya
gətirdi. Məhz bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış
mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. Sözsüz ki, Bakıda keçirilən
forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır.
Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində
ətraflı işıqlandırıldı, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi,
mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər
şeydən üstün tutan bir dövlət başçısı olduğunu vurğuladılar. Dünyada sivilizasiyalararası
qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan
sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Eləcə də, bu Forum
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübutu
oldu.
Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları
arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ölkəmizdə müxtəlif
dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda fəaliyyət göstərən bütün
dini icmalara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkəmizin başçısının da qeyd
etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.  Vətən müharibəsi dövründə
Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar yeganə vətənlərinin
Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il
Ermənistan işğalında olan torpaqlarını azad etdi. Ölkə başçısı da Forumda bəyan etdi ki, Azərbaycan
sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin
Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son qoyulmamışdı. 2020-ci
ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi. Ötən
ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini tam şəkildə bərpa edib. Bütün bunlara
baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli
sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında iki tərəf arasında hazırda sülh
danışıqlar davam edir”.
Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq
siyasəti həyata keçirib. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin
gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən
nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir.
Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir
zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanaqlı sülhün və təhlükəsizliyin təminatında
vacib amillərdən biridir. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu
region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə yeni təşəbbüslər irəli sürüb. Postmünaqişə
dövründə biz Qarabağda quruculuq işləri həyata keçiririk. Eyni zamanda, biz Ermənistanla sülh
sazişinin imzalanması, delimitasiya və demarkasiya məsələsinin həlli üçün hazırlıq işləri görürük.
Azərbaycan həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər
dövlətlərin və xalqların azad, müstəqil yaşamaq hüququna malik olmaları siyasəti həyata keçirir. Ölkə
başçısının da qeyd etdiyi kimi, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik
dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal
şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə
gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi.
Azərbaycan Prezidentinin iradəsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin
olunmasına, xalqların və dövlətlərin normal münasibətlər müstəvisində inkişafını təşviq edir. Şübhə
yoxdur ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan nüfuzlu siyasətçilər
Azərbaycanın regionda yaratdığı yeni reallıqların zəruriliyini qəbul edirlər.
Ramil İsayev,
Sabirabad rayonu Əhmədabad bələdiyyəsinin sədri


08:42 05.05.2024
Xəbər lenti
Bütün xəbərlər