KANAL24.AZ
Az Iw En Ru

Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın müasir problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Kanal24-ə verilən məlumata görə, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrinin kəşisməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək.

Konfransa respublikanın bütün ali məktəblərindən, AMEA-nın institutlarından məqalələr daxil olduğunu deyən rektor onu da bildirib ki, konfransı 20-yə qədər xarici mütəxəssis onlayn müşahidə edəcək. O da məlum olub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib.

Qeyd edək ki, konfrans Opto-, Nanoelektronika, Kondensə olunmuş mühit fizikası, Bioloji sistemlər fizikası, Nəzəri və Riyazi fizika, Yüksək enerjilər fizikası, Astrofizika və Eko elmlər bölmələrində davam edəcək və ümumilikdə 184 məruzə dinləniləcək.


21:32 25.12.2015