KANAL24.AZ
Az Iw En Ru

Səhiyyə Nazirliyi dövlət qulluqçuları üçün treninqlərə başlayıb

Dekabrın 23-də Səhiyyə Nazirliyində dövlət qulluqçuları üçün tədris kursları və treninqlərə başlanılıb.

Səhiyyə Nazirliyinin əməkdaşları, Bakı Şəhər Baş Səhiyyə İdarəsi və Sumqayıt şəhər səhiyyə şöbəsində çalışan dövlət qulluqçuları üçün keçirilən kurslar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına uyğun təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, “Maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizə”, eləcə də “Etik davranış məsələləri” mövzularına həsr olunmuş tədris kursu və treninqlər 3 gün davam edəcək.

Kurs və treninqlər nazirliyinin inzibati binasında keçirilir.


01:52 24.12.2015