KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan iqtisadiyyatına 190 milyard dollardan artıq sərmayə qoyulub

Azərbaycan gələcəkdə də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Kanal24.az xəbər verir ki, bu barədə bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında ERRA sədri Alparslan Bayrakdar bildirib.

Onun sözlərinə görə, məhz bu, hazırkı konfransın Azərbaycan paytaxtında keçirilməsinin səbəblərindən biridir.

Bayrakdar konfransın Bakıda keçirilməsinin digər səbəbləri kimi Azərbaycanın ERRA-nın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, ölkənin Gürcüstan və Türkiyə ilə birlikdə regional əməkdaşlığın unikal nümunəsini sərgilədiyini göstərib.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov konfransda bildirib ki, müstəqillik illəri ərzində Azərbaycan iqtisadiyyatına 190 milyard dollardan artıq miqdarda sərmayə qoyulub, ölkənin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsindədir. Ölkənin xarici borclarının ÜDM-ə nisbəti 8 faiz təşkil edir.

Onun sözlərinə görə, son 10 il ərzində ölkədəki enerji obyektlərinin gücü 2 min meqavatа qədər artıb.

Tədbir çərçivəsində məruzələr dinlənilib və Azərbaycanda enerji sənayesi, enerji təchizatının təhlükəsizliyi, bərpa olunan enerji mənbələrindən istifadədə problemlər, istehlakçıların enerji bazarında hüquq və səlahiyyətlərinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılıb.

ERRA-nın illik konfransında 100-dən artıq tənzimləyici orqanın 300-ə yaxın nümayəndəsi, ekspertlər, investorlar, alimlər, istehlakçılar, ətraf mühitin qorunması üzrə təşkilatların, inkişaf üzrə agentliklərin nümayəndələri, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika ölkələrindən başqa mütəxəssislər iştirak edirlər.


19:00 27.10.2014