KANAL24.AZ
Az Iw En Ru

BMT: Azərbaycanda doğuş zamanı ana ölümü 60% azalıb

Dünyada doğuş zamanı ana ölümü üzrə ən aşağı göstərici Belarusdadır.

1990-cı ildən 2015-ci ilə qədər olan dövr ərzində dünyada doğuş zamanı ana ölümü 44 faiz azalıb. Amma hər gün 800 qadın hamiləlik və doğuş ilə bağlı problemlər ucbatından vəfat edirlər. Doğuş zamanı ana ölümünün 99%-i inkişaf edən ölkələrin payına düşür.  

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Dünya Bankı və BMT-nin əhali üzrə Fond ilə əməkdaşlığı nəticəsində hazırlanmış məruzəsində deyilir.

Məruzədə qeyd edilib ki, 2015-ci ildə hamiləlik dövründə, doğuşda və ya doğuşdan sonra altı həftə ərzində yaranan fəsadlar nəticəsində ölən qadınların sayı 303 min nəfər ola bilər. 1990-cı ildə isə bu rəqəm 532 min idi.

Bu o deməkdir ki, 1990-cı ildə 100 min sağlam doğuşa qarşı 385 doğuş zamanı ana ölümü var idi, 2015-ci ildə isə 100 min sağlam doğuşa qarşı 216 doğuş zamanı ana ölümü ehtimal edilir.

Məruzədə həmçinin qeyd edilir ki, Azərbaycanda son 25 il ərzində doğuş zamanı ana ölümü 60% azalıb.

Məruzədə verilən məlumata görə, dünyada doğuş zamanı ana ölümü üzrə ən aşağı göstərici Belarusdadır, bu ölkədə 1990-cı ildə 100 min doğuşda 33 ana ölümü, 2015-ci ildə isə 100 min doğuşda 4 ana ölümü faktı qeydə alınıb.

Qadınların doğuş zamanı ölümünün belə aşağı göstəriciləri Avstriyada, İslandiyada, Finlandiyada, Polşada, İsveçdə və Çexiyada da qeydə alınıb, belə ki, bu ölkələrdə hər 100 min doğuşda 3-4 ana ölümü faktı qeydə alınıb. Rusiyada 25 il ərzində 100 min qadından doğuş zamanı 63-ü, 2015-ci ildə isə 100 min qadından 25 qadın doğuş zamanı ölüb.


17:58 13.11.2015