KANAL24.AZ
Az Iw En Ru

Mətyu Brayzə: Prezident İlham Əliyev uğurlu strategiya həyata keçirir

Kanal24.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə AzərTac-a məxsusi müsahibəsində ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasının uğurları barədə fikirlərini bölüşüb.
- Cənab Brayzə, Azərbaycanı yaxından tanıyan diplomat kimi, ölkədə gedən inkişaf prosesləri barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanın son iyirmi ili əhatə edən enerji siyasəti böyük strateji uğurdur. Bu siyasət ölkənin müstəqil dövlət kimi təhlükəsizliyini təmin edib. O zaman Prezident Heydər Əliyevin qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İranın sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərar möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləğli sərmayəçiyə çevrildiyini görürük. Bunlar adamı heyrətləndirən uğurlardır. Ölkənin iqtisadiyyatının bütün sahələri günbəgün inkişaf edir, yoxsulluğun səviyyəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən əvvəlki 49 faizdən 5 faizə enib. Azərbaycanda səfir işlədiyim illərdə neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin, məsələn, aqrar bölmənin, ağır sənayenin, gəmiqayırmanın, turizmin, nəqliyyat daşımaları sahəsinin, həmçinin sosial infrastrukturun inkişaf etdirilməsinə yönəldilməsi ilə çoxşaxəliliyin təmin edilməsinin şahidi oldum.
Əminəm ki, Azərbaycan bundan sonra da şaxələndirmə istiqamətində işləri davam etdirəcək. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəyə böyük uğurlar və nüfuz qazandırıb. Bir məqamı da qeyd etmək istərdim. bp şirkəti dünyada mənfəət əldə etdiyi ən önəmli mərkəzlərdən danışarkən dörd yeri qeyd edir: Şimal dənizi, Anqola, Azərbaycan və Meksika körfəzi. Görürsünüz, Azərbaycan bp üçün önəmli hesab edilən dörd yerdən biridir. Bu, şərh etdiyim böyük siyasətin bəhrəsidir.
- Azərbaycanın inkişaf vektorları barədə nə deyə bilərsiniz?
- Mən bu barədə çox nikbinəm. İlk növbədə, deməliyəm ki, Prezident İlham Əliyev Azərbaycanın inkişaf vektorlarını çox yaxşı bilir və bunun üçün uğurlu strategiya həyata keçirir. Davamlı inkişaf edən iqtisadiyyata nail olmaq üçün neft və qazdan əldə edilən gəlirlərin qeyri-neft sektorunun, o cümlədən təhsilin, səhiyyənin, infrastrukturun inkişafına yönəldilməsi Azərbaycanın dövlət siyasətinin prioritetidir. Ona görə də Azərbaycanda dəqiq hədəflərə doğru real addımlar atılır. Azərbaycan artıq xaricdən sərmayə cəlb edən ölkədən xaricə sərmayə yatıran ölkəyə çevrilib. İndi heç kəs şübhə etmir ki, iqtisadiyyatı şaxələndirmək yolu ilə gedən Azərbaycan daha böyük uğurlara imza atacaq. Bunun üçün ölkədə gələcəyə hədəflənmiş sosial-iqtisadi strategiya vardır.


04:21 26.10.2014