KANAL24.AZ
Az Iw En Ru

"Uşaq hüquqlarının qorunması" mövzusunda seminar keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Kanal24.az-a verilən məlumata görə, tədbirdə insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir.

Seminarda, həmçinin bu cür tədbirlərin təşkilin uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında və hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilib.

Aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, "dəyirmi masa"lar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr, sərgilər təşkil olunur. Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə qeyd edilən aylığın keçirilməsində məqsəd uşaqlara, uşaq hüquqlarına diqqətin daha da artırılmasıdır.


23:38 25.10.2014
Xəbər lenti
Bütün xəbərlər