KANAL24.AZ
Az Iw En Ru

““Qara piar” xeyrimə nəticələnəcək” - Azər Kərimli

Doğrusu, millət vəkili Azər Kərimli haqqında təsəvvürlərim tamam başqa cür idi. Müsahibəyə getməzdən əvvəl onun haqqında oxuduqlarımdan danışmaqdan xoşlanmayan bir insanla qarşılaşacağımı düşünmüşdüm. Söhbətə başayanda isə nə qədər yanıldığımı anladım. Mənim qarşılaşdığım Azər Kərimli nə zaman və nə danışdığını bilən adam idi. Kanal24 həm millət vəkili, həm də millətin vəkilliyinə iddialı olan A.Kərimli ilə müsahibəni Strateq.az-a istinadən təqdim edir:

-Salam, Azər müəllim. Seçki prosesi başlayar-başlamaz bəzi deputatlığa namizədlər barədə müxtəlif xəbər yayıldı. Belə insanlardan biri də sizsiniz? Qax rayonunda seçicilərlə görüşünüz barədə yazılanlar nə dərəcədə doğrudur? 
-Qətiyyən doğru deyil. İddiaya görə, mən Qax rayonunun Əlibəyli kəndində ictimai etirazla qarşılaşmışam. Halbuki, mənim həmin kənddə heç görüşüm belə olmayıb. Planımda var ki, bu görüşü ayın 20-dən sonra keçirəcəm. Kənd camaatı ilə görüşümüzün çox izdihamlı alınacağına inanıram...

-Bəs, mətbuata ötürülən bu dezinformasiyaların qaynağı nələrdir? Hardan çıxıb bu söz-söhbət? 
-Hazırda Azərbaycan xalqı parlamentə öz təmsilçilərini seçir. Təbii ki, namizədliyimi irəli sürdüyüm 112-ci seçki dairəsində də bu posta iddialılar var. Mümkündür ki, dezinformasiyalar da onlar tərəfindən şüurlu şəkildə yayılsın. Eyni məlumatın bir çox xəbər saytlarında kopyalanaraq dərc olunması da planlı şəkildə fəaliyyətdən xəbər verir. Açığı, dezinformasiyaların kim və nə məqsədlə yayıldığı haqqında məlumatlıyam, amma bu, məni qətiyyən narahat etmir. Əksinə, özümə olan inamımı artırır. Adətən, bar gətirən ağaca daş atarlar. Görünür, rəqiblərim öz qarşılarında əsas maneə olaraq məni gördüklərindən bu zəhmətə qatlanıblar. Amma rəqib də olsalar, mənim bu əziyyətə heyfim gəlir. Çünki “qara piar”la güclü rəqibin qarşısını kəsmək mümkün deyil. Rəqibə atılan hər daş onun ayağını qoyub qalxdığı pilləyə də çevrilə bilər. Əksər hallarda elə bu cür də olur və yəqin ki, yenə də belə olacaq. Qax camaatı kimin kim olduğunu yaxşı bilir. Eşitdiyinə yox, gördüyünə inanır. Hansısa heç kimin oxumadığı bir informasiya kanalında gedən yalan məlumatlar yalnız onu yazanı aldada bilər. Çünki özlərindən başqa o cızma-qaranı oxuyan yoxdur. Özəlliklə də mənim seçkiqabağı təbliğat kampaniyası apardığım ərazidə bu cür dezinformasiyaların heç bir nəticəsi olmayacaq. “Qara piar” bəlkə hələ xeyrimə nəticələnəcək. Haqqımda olmayan sözləri yazan həmin informasiya vasitələrini Qaxın Əlibəyli kəndində oxuyanlar nə düşünə bilərlər, sizcə? Deinformasiya yazan saytlara daxil olub onu bir də gözdən keçirərlərmi? Məncə, ciddi informasiya vasitələri hər şeydən əvvəl öz imiclərini düşünməlidir. Əks halda, azad informasiya rəqabətində uduzub özləri tarixə qovuşarlar. Bu cür dezinformasiyalar isə mənə yalnız seçici rəğbəti gətirər.

-İttihamlarda həm də sizin danışmayan deputatlardan olduğunuz qeyd olunur... 
-Düzdür, “parlament” sözü fransızca danışmaq felindən əmələ gəlib və danışılan yer deməkdir. Deputat həm də danışmalıdır. İlk növbədə qeyd etmək istəyirəm,ki bu da bir dezinformasiyadir. Mən plenar iclaslarda nəinki danişıram, hətta dəfələrlə komitəmizin adindan müxtəlif qanun layihələrini müzakirələrə təqdim etmişəm. Və həm Qaxın gəncləri, həm də rayon ictimaiyyəti ilə görüşlərimdə bu video yazıları seçicilərimə təqdim etdim. Amma deputatlıq fəaliyyəti ancaq danışmaqdan ibarət deyil. Əməli fəaliyyət bəzən danışmaqdan daha mühüm rol oynayır. Mən bir deputat kimi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Komitəmizin qarşısında çox mühüm vəzifələr durur. Biz xarici dövlətlərlə parlament səviyyəsində əlaqə saxlamaqla qalmır, soydaşlarımızın qayğıları, problemləriylə məşğul oluruq. Həmçinin qarşımızda Milli Məclis sədrinin tapşırığı ilə çox mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri də qəbul olunacaq qərar və qanunların dövlət olaraq qoşulduğumuz beynəlxalq sənədlərə uyğun gəlib gəlmədiyini yoxlamaq və bu barədə rəy verməkdir. Bu qədər ciddi məsuliyyət tələb edən missiya daşıyıcılarını qanunvericilik sahəsində susan deputat kimi qiymətləndirmək nə dərəcədə obyektiv yanaşmadır? Səsini eşitmədiyin adam hələ danışmayan adam demək deyil. Bizim komitə üzvlərinin səsi komitənin daxili iclaslarında və beynəlxalq təşkilatlarda eşidilir. Bunu hamının eşitməsinə də ehtiyac yoxdur. Lazımi adamlar bizim səsimizi eşidirlər. Kimlərsə eşitmirsə, bu qüsuru özlərində axtarsınlar. Qarşısında duranın danışmadığını zənn etmək karların məntiqidir. Yalnız karlar gördükləri adamların səsini eşitmədiklərindən əl-qolla danışmayan hər kəsə ağzını açıb yuman lallar kimi baxırlar. Söhbət burda, təbii ki, mənəvi karlıqdan və lallıqdan gedir. Mən fiziki əlilliyi nəzərdə tutmuram və onu qüsur kimi də qiymətləndirmirəm.

-Yeri gəlmişkən, siz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi Azərbaycanı həm Avropa Şurasında, həm də Avronest Parlament Assambleyasında da təmsil edibsiniz. Sirr deyil ki, son zamanlar Avropa ilə ölkəmizin arasında soyuq küləklər əsir. Getdikcə kəskinləşən bu münasibətlər ölkəmizə nə vəd edir? 
-Bilirsinizmi, siyasi ziddiyyətlər keçicidir. Avropa həmkarlarımızın istəyindən, bizə qarşı mövqeyindən asılı olmayaraq Azərbaycan tarix boyu Qərbə meylli olub və olacaq da. Söhbət, təbii ki, dünyagörüşü, mədəni inteqrasiyadan gedir. Azərbaycan həm coğrafi, həm də mənəvi baxımdan Qərbə yaxın olub. Şərq dünyasında ilk demokratik respublikanı quran, ilk Qərb tərzində mədəniyyət nümunələri yaradan xalq biz olmuşuq. Qərb musiqi mədəniyyətinə Üzeyr Hacıbəyov, Qara Qarayev, Müslüm Maqamayev kimi dühalar bağışlamışıq. Eynilə Mirzə Cəlil, Mirzə Fətəli Axundov, Sabir, Hüseyn Cavid kimi ədiblərimizin, Toğrul Nərimanbəyov kimi rəssamların yaradıcılıqları bu mənəvi xəzinəni daha da zənginləşdirib. Demək istəyirəm ki, qərblilik bizim xarakterimizdən irəli gəlir. Bizə heç də yad xüsusiyyətlə deyil. Qərb dövlətləriylə Azərbaycan arasında yaranan ziddiyyətlər iki fərqli mənəvi dünyagörüşündən, bir-birinə zidd xarakterlərdən doğmur. Əksinə, bu ziddiyyətlər tamamilə siyasi xarakterlidir. Və hesab edirəm ki, Avropadakı həmkarlarımızın qərəzli mövqeyi bu münasibətlərin pisləşməsinə səbəb olur. Hər bir ölkənin öz milli maraqları və təhlükəsizlik problemləri var. Dövlətlər də bu maraqlarını qorumalıdırlar. Qərb və Şərq arasında yerləşən Azərbaycanın dövlət təhlükəsizliyi məsələlərinə xüsusi diqqətlə yanaşması başadüşülən olmalıdır. Təəssüf ki, Qərb dünyası ölkəmizə münasibətdə bu həssaslığı gözləmək istəmir. Bəzi hallarda Azərbaycanın tarixən izlədiyi Qərbə inteqrasiya prosesinə öz imperialist maraqları çərçivəsindən yanaşır. Nəticədə də Azərbaycanın suveren hüquqlarını hər zaman ön planda tutan İlham Əliyev cənablarının və onun komandasının bu yanaşmaya əks-reaksiyasıyla üzləşirlər. Yəni bu ziddiyyətlərin kökündə Qərblə Şərq arasındakı mədəniyyət çarpışması yox, imperialist yanaşmayla suverenlik prinsiplərinin qarşılaşması dayanır. Düşünürəm ki, qərbli partnyorlarımız zamanla bu siyasətlərinin nəticə verməyəcəyini anlayacaq, yenidən bərabərhüquqlu münasibətlər qurmaqda maraqlı olacaqlar.

-Bəzi müşahidəçilər isə fərqli düşünürlər. Onların fikrincə, ziddiyyətlərin kökündə Rusiya ilə ABŞ arasında gedən geopolitik mübarizə dayanır. Azərbaycan isə özünü Rusiyanın oduna yandırır... 
-Bu fikirlə razılaşmıram. Ona görə ki, hər bir dövlətin milli maraqları onun yerləşdiyi geopolitik məkanın ümumi mənafeyinin tərkib hissəsidir. Gücündən və böyüklüyündən asılı olmayaraq bütün dövlətlər məhz bu ümumi mənafedən çıxış edirlər. Rusiya ilə Azərbaycanın da çoxəsrlik tarixi keçmişi var. Bizim milyonlarla soydaşımız hazırda bu ölkədə yaşayır. Uzun illər eyni dövlətin müxtəlif subyektləri olmağımız oxşar mədəni-mənəvi təfəkkürümüzün formalaşmasına yol açıb. Bu qədər yaxın əlaqələrimiz istər-istəməz bizimlə Rusiya arasında həm də tale ortaqlığı yaradıb. Digər tərəfdən ABŞ-ın dünya hegemonluğuna can atması Yaxın Şərqdə hansı nəticələri doğurdu, bunu siz də görürsünüz. Eyni proseslərin Rusiyada və ya hansısa post-sovet məkanında yaşanmasını, əlbəttə ki, Azərbaycan hakimiyyəti arzulaya bilməz. Ən azı o səbəbdən ki, həmin məkanlarda baş verəcək xoşagəlməz hadisələrdən bizim soydaşlarımızın da təsirlənmək ehtimalları var. Üstəlik, Qərbin Rusiyaya ixrac və ya tətbiq etmək istədiyi siyasətlər birbaşa Azərbaycana da təsir göstərir. Məsələn, bu gün Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan, neftin və təbii qazın qiymətini süni şəkildə ucuzlaşdırılmasından biz də zərər görürük. Bütün bunlar bizim ortaq taleyimizi daha da eyniləşdirir. Ortaq talelər, təbii ki, ortaq addımlar atmağı tələb edir. Bu mənada Azərbaycanın Qərblə münasibətlərinin pisləşməsini Rusiyanın təzyiqinin nəticəsi kimi təqdim edənlər səmimi deyillər. Bir çox məsələrdə biz ortaq addım atmağa məhkumuq. İstəsək də, istəməsək də regional maraqlarımız bizi birləşdirir və bizdən bunu tələb edir.

-Necə hesab edirsiniz, Qərbdən uzaqlaşmaq həm də onun mədəniyyətindən, demokratik dövlətçilik şüurundan uzaqlaşmaq mənasına gəlmir?

-Xeyr, gəlmir. Bayaq da dediyim kimi, Qərb mədəniyyəti, demokratiya nisbi anlayışlardır. Bu mədəni ənənələrin, təfəkkür tərzinin formalaşmasında həmin coğrafiyada yaşayan hər kəsin az və ya çox dərəcədə payı var. O cümlədən Avropanın bir parçası olan azərbaycanlıların da. Ümumiyyətlə, dünyada bütün mütərəqqi fikirlər yalnız hansısa coğrafiya ilə bağlı deyil. Bu fikirlərin formalaşmasında bütün bəşəriyyət iştirak edib. Ona görə də, Qərb və ya Şərq mədəniyyəti deyilən bir şey yoxdur. Bəşəri mədəniyyət var. Hər hansı bir mədəniyyət yalnız bəşəri xarakter alanda sivilizasiyaya çevrilir. Onu yalnız bir millətin, coğrafiyanın və ya dinin məhsuluna çevirəndə isə sivilizasiya sivilizasiyalıqdan çıxır. Qərb bu günkü mədəniyyətini qədim Roma və yunan fəlsəfəsindən gələn prinsiplərə borcludur. Həmin prinsipləri orta əsrlər Avropasında at oynadan inkvizisiya məhkəmələri yox etməyə çalışırdı. İslam dünyasının qucaq açdığı bu fəlsəfi cərəyanlar ilk əvvəl bizdə intibaha yol açdı. Müsəlman alimlərinin əlavələriylə inkişaf mərhələsi keçən düşüncələr daha sonra Qərb mütəfəkkirlərinin xristian radikalizmindən qaçaraq sığındıqları dəyərə çevrildi. Dini mövhumatçılığa qarşı ən yaxşı silah rolunu oynayan bu dəyərlər daha sonra Qərb sivilizasiyasının da özülünü təşkil etdi. Yəni bu günkü Qərb sivilizasiyasının inkişafında Şərq xalqlarının da böyük xidmətləri var. Di gəl ki, qərbli həmkarlarımız bu dəyərlərdən doğan tərəqqilərini xristianlığın məhsulu hesab edirlər. Avropanı xristian klubu kimi təsəvvür edirlər. Bir çox hallarda Azərbaycana da bu aspektdən baxırlar. Aramızdakı ziddiyyətlərin bəziləri bu “özgə” yanaşmasından qaynaqlanır. Amma zamanla istər Azərbaycanın, istərsə də digər ölkələrin bu yanaşmaya göstərdiyi reaksiyalar öz nəticəsini verəcək. Yenidən dünyaya sülh və əmin-amanlıq gələcək. Hər halda mən buna inanıram. Heç bir ziddiyyət sonsuza qədər davam edə bilməz. Xüsusilə qloballaşan dünyada bu siyasətdən yalnız bir tərəf yox, bütün tərəflər zərər görür. Baxın, bu gün Rusiyaya tətbiq edilən sanksiyalar təkcə bu ölkəni iqtisadi inkişafdan geri qoymur. Qərb də Rusiya boyda bazarını itirir. Sənayeləşmiş cəmiyyətlərdə bazar itirmək məhvə məhkum olmaq deməkdir. Qərb, sözsüz ki, Rusiyaya iqtisadi zərbə vurmaq xətrinə özünü də labüd yoxoluşa sürükləyə bilməz. Bütün müharibələr belə sonda sülhlə bitir. Qarşılıqlı anlaşmalarla əmin-amanlıq yaranır. Bir gün Qərblə post-sovet məkanı da eyni addımı atmağa məhkum olacaq.

-Özünüz də qeyd etdiyiniz kimi, Qərblə Rusiya arasında başlayan geopolitik müharibədən ən çox zərər çəkənlərdən biri də Azərbaycan olur. Neftin qiymətinin enməsiylə ölkəmizin gələn ilki büdcəsi hardasa 7-8 milyard dollar azaldı. Perspektivdə bizi nə gözləyir? 
-Hesab edirəm ki, siz bu sualı iqtisadçı alimlərə versəniz, daha dolğun cavab alarsınız. Mənim fikrimə gəlincə isə, Azərbaycanın gələcəyi barədə nikbinəm. Biz bir ölkə olaraq çətin dövrlərimizi geridə buraxmışıq. Mərhum ümummilli lider Heydər Əliyevin və onun siyasi mirasının davamçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal neft şirkətləriylə bağlanaraq həyata keçirilən müqavilələr Azərbaycan iqtisadiyyatının infrastrukturunu yaratdı. Artıq bu infrastruktur üzərində qeyri-neft sektoru inkişaf etdirilir. Ölkəmizin aqrar sənaye potensialı da gələcəyə ümidlə baxmağımız üçün kifayət qədər əsas verir. Ölkə prezidenti cənab İlham Əliyevin dəfələrlə müşavirələrdə vurğuladığı kimi, Azərbaycan üçün yeni iqtisadi era başlayır. Bu yeni era sənayeləşmə dövrüdür. Sənayeləşmə dövrü həm də iqtisadiyyata yeni yanaşmalar tələb edir. Azad rəqabətin bərqərar olması, iş dünyasının qarşısında dayanan süni əngəllərin aradan qaldırılması, iqtisadi tərəqqi üçün dövlət təşviqi, xaricdə təhsil alan gənclərin bilik və bacarığına istinad edilməsi, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə Azərbaycanın bir nömrəli prioritetlərə çevrilib. Ölkə rəhbərinin müxtəlif müşavirə və iclaslarda bu prinsipləri dönə-dönə dilə gətirməsi də Azərbaycan siyasi iradəsinin yeni quruculuq erasındakı əzm və inadkarlığını göstərir. İqtisadiyyatımız da 10 il bundan əvvəlki vəziyyətilə müqayisə olunmaz dərəcədə irəliyə gedib. Həm iqtisadi potensialımız, həm hədəflərimizin müəyyənliyi, həm də siyasi iradənin əzmi bu mərhələni də uğurla keçəcəyimizin qarantidir.

““Qara piar” xeyrimə nəticələnəcək”  -  Azər Kərimli
““Qara piar” xeyrimə nəticələnəcək”  -  Azər Kərimli
““Qara piar” xeyrimə nəticələnəcək”  -  Azər Kərimli

 


17:32 15.10.2015