KANAL24.AZ
Az Iw En Ru

“Nazirdən nə istəyirlər? Kimin sifarişini yerinə yetirirlər” - Açıqlama

“Cənab nazir oktyabrın 23-nə qədər məzuniyyətdədir”.

Kanal24 xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov “Yeni Müsavat”a açıqlamasında deyib. Nazirin son açılış tədbirində iştirak etməməsi haqda suala cavab verən N. Həsənov bildirib ki, bu onun səlahiyyətinə aid məsələ deyil: “Amma ümumi götürəndə heç bir problem yoxdur. Mən reallıqdan uzaq yazılara münasibət bildirməyi doğru saymıram. Nəqliyyat Nazirliyindən, yaxud nazirdən nə istəyirlər? Kimlərin sifarişini yerinə yetirirlər, bunu da bilmirəm. 13 ildir nazirlikdə işləyirəm. Bu illər ərzində cənab nazirin vəzifədən çıxarılması haqda çox yazılıb. Vəzifə əbədi deyil. Burada fikir bildirilməli bir şey yoxdur”.

Nəqliyyat Nazirliyinin rəsmisi bu ilin iyulunda Z.Məmmədovun məzuniyyətə çıxması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi: “İyul ayında cənab nazir 10-15 günlük məzuniyyət götürmüşdü, səhhətinə görə. Sadəcə, indiki məzuniyyət əvvəlki illərdən qalıb, üst-üstə toplanıb. Adətən o, belə yazılara reaksiya vermir. Mən də onun işçisiyəm. Bu baxımdan çox reaksiya vermirəm. Çünki mənim işim konkret nazirliklə bağlı məsələlərə münasibət bildirməkdir. Yazılanlar da konkret şəxslə bağlıdır. Nazirliyə heç bir aidiyyəti yoxdur. Cəfəngiyyata münasibət bildirmək çətindir. Jurnalistlərin hər birinin öz yozumu var. Fakta istinadən münasibət bildirmək daha asandır. Ortada fakt yoxdursa, o zaman çox çətin olur. Cənab nazirin ortada olmamasının müəyyən səbəbləri ola bilər".

Nazirliyin sözçüsü yayılan xəbərlərlə əlaqədar Z.Məmmədovun mətbuat konfransı keçirib-keçirməməsi ilə bağlı sualı belə cavab verib: “Cənab nazir hazırda Bakıda deyil. Bakıya gələndə hər halda, fikir bildirər. Mətbuat konfransı keçirmək olar. Ümumiyyətlə, buna ehtiyac görmür. Deyilənlər o qədər şişirdilib ki, yalandan olan yazılara mətbuat konfransı keçirməyin mənası da yoxdur. Sadəcə olaraq, fikir bildirmir. Deyir ki, onsuz da haqqımda daim yazırlar. İş görən adam daim diqqət mərkəzində olur. Nazirliklə bağlı heç bir addım atılmır. Səlahiyyətlərin bir hissəsi “Asan xidmət”ə verildi, dərhal mətbuat başqa istiqamətə yozdu. Bundan əvvəl neçə nazirliyin bəzi səlahiyyətləri “Asan xidmət”ə verildi, bundan heç yazan yoxdur.

Bunlar tədricən gedən proseslərdir. Müəyyən nazirliklərin səlahiyyətlərini onsuz da “Asan Xidmət”ə verirlər. O ki qaldı dəmir yolunun nazirlikdən ayrılmasına, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Hazırda faktiki olaraq, iş yerimdəyəm, əvvəlki qayda ilə işimi davam etdirirəm. Amma yazılanların hamısını oxuyuram. Baxmayaraq ki, o yazıların böyük hissəsi heç bir fakta söykənmir. Qoy əndişələnməsinlər. Ziya müəllim bu gün Azərbaycanın nəqliyyat naziridir. Onu bu vəzifəyə prezident təyin edib. Başqa qərarları da prezident verir. Təyin etməyi də, azad etməyi də. Bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Hər şeyi zaman göstərəcək. Bəlkə işlər daha yaxşıya doğru gedəcək. O zaman bu jurnalistlər nə yazacaqlar, onu bilmirəm".


17:02 08.10.2015