KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan alimləri beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları Sevil Quliyeva və İrina Kuçinskaya Qazaxıstanın paytaxtı Astana şəhərində “Mərkəzi Asiyanın səhralaşması: qiymətləndirmə, proqnoz, idarəetmə” mövzusunda birinci Beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
İnstitutdan Kanal24-ə bildiriblər ki, Orta Asiya, Çin, Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrin alim və mütəxəssislərinin də qatıldıqları konfransda təbii ehtiyatların qorunması və səmərəli istifadəsi, iqlim dəyişmələri və antropogen yüklənmələrin güclənməsi şəraitində səhralaşma proseslərinin proqnozlaşdırılması və idarə olunması, ətraf mühitin mühafizəsi və davamlı inkişafı məqsədilə profilaktik tədbirlərin qiymətləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə E. Əlizadə “İqlim dəyişkənliyi və antropogen yüklənmələrin güclənməsi şəraitində Azərbaycanda səhralaşma proseslərinin inkişafı meylləri” mövzusunda məruzə ilə çıxış edib. O, eyni zamanda, Qazaxıstanın coğrafiya üzrə fəlsəfə doktoru F.Akiyanova ilə birgə “Səhralaşma: nəzəri aspektlər, iqlim dəyişikliyi və antropogen yüklənmələr şəraitində qiymətləndirmə və idarəetmə” bölməsinin moderatoru olub.
Bölmədə səhralaşma proseslərinin yerüstü, kosmik monitorinqi və quraqlığın yaranması, müxtəlif ekosistemlərdə səhralaşma prosesləri, səhralaşmada iqlim, texnogen və demoqrafik proseslərin təsiri haqqında məruzələr dinlənilib.


09:20 04.10.2014