KANAL24.AZ
Az Iw En Ru

Oteldə qətlə yetirilən bankirin məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının müdirini öldürən Azər Məmmədovu öldürməkdə təqsirlənirilənlər – Sənan Quliyevin və Mövlud Səfərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

M.Səfərovun vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən iclas təxirə salınıb.

Zərərçəkən Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədova və onun nümayəndəsi məhkəmə prosesinə gəlmədiyi üçün iclas təxirə salınıb.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.


18:26 23.09.2015
Xəbər lenti
Bütün xəbərlər