KANAL24.AZ
Az Iw En Ru

Hərbi qulluqçuların yeni formaları- Fotolar

Prezident İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi istiqamətində verdiyi göstərişlər yerinə yetirilir 

Kanal24.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir. Bundan əlavə pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə də fərqlənirlər.

Eyni zamanda hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və iki mərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir. Eyni zamanda iplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunur.

Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlıqlarının yeniləri ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir.

Hazırda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri, hərbi-tədris müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları”na əlavə dəyişikliklərin edilməsi barədə qərar qəbul olunması üçün layihə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.


06:17 24.10.2014