KANAL24.AZ
Az Iw En Ru

Yuğ Teatrı 26-cı mövsümünü premyera ilə açacaq

Azərbaycan Dövlət Yuğ Teatrı sentyabrın 20-də saat 18.00-da 26-cı mövsümünü açacaq. Teatr yeni mövsümünə “Sonuncu” tamaşasının premyerası ilə başlayacaq.

Teatrdan verilən məlumata görə, Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı Xalq Artisti Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edirlər.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasirlik baxımından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini başa düşmüş insanın faciəsi qabardılır.

Bu il Yuğ Teatrının aktyoru, Əməkdar Artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. “Sonuncu” tamaşası, həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.


00:07 21.09.2015