KANAL24.AZ
Az Iw En Ru

İkram Mütəllimov: “Business Service Centre” ilə çalışın ki, qazanasınız"

“Business Service Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İkram Mütəllimov ilə müsahibəni təqdim edirik.

- İkram müəllim, Azərbaycanın konsaltinq bazarında öz sözünü demiş bir şirkətin təsisçisi olaraq, “BSC” MMC-nin inkşaf yolunu qısa təsvir etməyinizi xahiş edirik.

- Şirkətin təsisi 1997-ci ilə təsadüf edir. Ölkəmizin yenicə müstəqilliyə qovuşduğu bu illərdə ümummilli liderimiz H. Əliyevin təşəbbüsü, qəbul etmiş olduğu qərarlar, o cümlədən "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycan Respublikasının başçısına olan güvən, etibar nəticəsində Azərbaycanın iqtisadiyyatına sərmayə qoymaq arzusunda olan şirkətlərin sayını durmadan artırdı. Məhz belə bir tarixi – siyasi şəraitdə biznesmenlər, iş adamları və sahibkarlar üçün ixtisaslaşdırılmış hüquq, maliyyə, mühasibatlıq, kadr və idarəetmə xidmətlərini həyata keçirən, eləcə də bu sahələr üzrə tam ixtisaslaşmış konsaltinq şirkətlərinə ehtiyac yaranmışdı. Və bu ehtiyacı uğurlu biznes sahəsinə çevirərək, bu günün aparıcı konsaltinq şirkətini təsis etməyə nail olduq.

Konsaltinq şirkəti olaraq, 20 illik fəaliyyətimiz ərzində mövcud resursları, insan kapitalını, maddi-texniki bazanı daha da təkmilləşdirmişik, eləcə də, konsaltinq və autsorsinq- xidmətlərinin miqyasını genişləndirmək, kvalifikasiyalı, beynəlxalq təhsil və iş təcrübəsi olan əməkdaşların sayının artırılması və ən son texnologiyaların tətbiqi bu illər ərzində əsas biznes prinsiplərimiz olub.

- 20 illik təcrübə və bu illər ərzində qazanılmış reputasiya konsaltinq xidmətlərinin satışını təmin etməyə imkan verir, yoxsa hər bir sahədə olduğu kimi əlavə marketinq və satış komandasına ehtiyac var?

20 illik təcrübə və bu illər ərzində qazanılmış reputasiya dəyişdirilməsi mümkün olmayan naliyyət və fakt, eyni zamanda çox effektli marketinq alətidir. Lakin düzgün istifadə olunmadıqda, bu belə uğursuz bir biznes addımına çevrilə bilər. Məhz bunun məntiqə uyğun nəticəsi olaraq, peşəkar marketinq və satış komandasına daima ehtiyac olduğunu müəyyən edə bilərik.

- Sizcə, əməkdaşların peşəkarlığının və kvalifikasiyasının şirkətin uğurunda payı nə qədərdir?

Əvəzolunmazdır. Bilirsiniz, konsaltinq və autsorsinq xidmətləri göstərən şirkətlərin spesifikliyi ondan ibarətdir ki, bu şirkətlərin uğuru gördükləri işin keyfiyyəti üzərində qurulub. Xidmətin keyfiyyəti isə birbaşa işi icra edən mütəxəssis heyətinin bilik, bacarıq, təcrübə və kvalifikasiyasından asılıdır.

- İkram Mütəllimovu uğurlu biznesmen, ədalətli rəhbər, peşəkar hüquqşunas və qayğıkeş ata kimi qısa təsvir etməyinizi xahiş edəcəm.

Ümumiyyətlə, təsvir etmə subyektiv xarakter daşıyır, yəni təsvir edənin təxəyyül gücündən, həyat təcrübəsi və həyat prinsiplərindən asılıdır. Hüquqşünaslar isə adətən, daha konkret danışmağı, yanaşmağı üstün tuturlar. Məndə öz növbəmdə bu sualınızı cavablandırarkən təsvir üçün əsas meyar olaraq, faktları götürmək istəyirəm:

Uğurlu biznesmen – 20 illik inkişaf tarixi olan aparıcı konsaltinq şirkət;
Ədalətli rəhbər – 17, 12, 9, 7 il birgə çalışdığımız əməkdaşlar;
Peşəkar hüquqşunas – 35 ildən artıq hüquqşünas, vəkil, hakim kimi peşəkar təcrübə
əsasında qurulmuş hüquq xidmətin aparıcı biznes sahəsinə çevirmək;
Qayğıkeş ata, sevimli baba– milli-mənəvi dəyərlərə sahib, ali təhsil almış, öz sahələrində peşəkar, vətəninə, elinə, obasına bağlı övladlar.

- Məlumdur ki, “Azercell”, “Coca cola” kimi şirkətlərlə 1997-ci ildən, yəni şirkət yaranan dövrdən əməkdaşlıq edirsiz. Sizcə stabil müştəri bazası və müştəri məmnuniyyətinin qorunub saxlanılması peşəkarlığın, əzmkarlığın, çox çalışqanlığın, yoxsa uğurlu komandanın bəhrəsidir?

- Peşəkarlıq - əzmkarlıq və çalışqanlığın sayəsində zamanla formalaşır. Hər bir peşəkar isə uğurun açarının komanda işi olduğunu bilir.

- İkram müəllim, xahiş edirik, uğurlu biznesin qısa formulasını deyin bizə?
- Səbr+sevimli sahə+peşəkarlıq=uğurlu biznes

- İkram müəllim, sonda mövcud və gələcək müştərilərinizə müraciətiniz.
- Mövcud müştərilərimizə müraciətən, ilk öncə uzunmüddətli əməkdaşlığa, etibara və göstərilən dəyərə görə təşəkkürümüzü bildirir, bundan sonra da, indiyə qədər rəhbər tutduğumuz konfidensiallıq, etibarlılıq, müştəri məmnuniyyəti kimi prinsiplərimizə sadiq qalaraq, ən son texnologiyaların tətbiqi nəticəsində xidmət spektrımızın artırılmasına çalışdığımızı diqqətlərinə çatdırmaq istərdik.
Gələcək müştərilərimizə müraciətən isə yalnız bir söz: “Business Service Centre” ilə çalışın ki, qazanasınız!

Lamiyə Hüseynova

İnsan Resursları üzrə baş mütəxəssis


19:05 16.09.2015