KANAL24.AZ
Az Iw En Ru

Tarif Şurası iclas keçirəcək

Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox adda dərman vasitəsi var və dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla daha çox sayda dərman vasitəsinin qiyməti müəyyənləşdirilməlidir. Odur ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir.

Bunu iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ilk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin siyahısından 25 təsiredici maddə seçilib və Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq olunub.

“Ümumilikdə, indiyədək 25 təsiredici maddə üzrə proses başa çatdırılmış və 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənmişdir. Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”, - deyə, Ş. Mustafayev bildirib.

Nazirin sözlərinə görə, növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan edilib və hazırda Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmuş məlumatlar araşdırılır.

“Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyəndirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur”, - deyə, TŞ sədri vurğulayıb.

Ş. Mustafayevin bildirib ki, dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılmasıdır:

“Belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq, ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdiriləcək”.  


18:37 15.09.2015