KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Fransa arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Fransa Senatının Azərbaycanla dostluq qrupunun sədri Andre Rişardın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Kanal24 Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, spiker qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycanın Fransadakı dostları ilə görüşmək hər zaman sevindirici haldır: “Ölkəmiz Avropanın bu dövləti ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir. Bu baxımdan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter alması təqdirəlayiqdir. Dövlətlərimizin başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb”.

O.Əsədov qeyd etdi ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərarası əlaqələr mühüm rol oynayır: “Biz Fransa Senatı ilə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Təkcə siyasi deyil, həyatın digər sahələrində də əlaqələrimizin genişləndirilməsi ümumi məqsədlərə çatmaq üçün çox önəmlidir”.

Spiker Fransa-Azərbaycan dostluq qrupu sədrinin müavini Natali Qule ilə dəfələrlə görüşdüyünü xatırlayaraq, Fransa nümayəndə heyətinin bu səfərinin də hər iki tərəf üçün əhəmiyyətli olacağına inamını ifadə edib. O bildirib ki, Azərbaycan Avropa ölkələri, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin inkişafında daha maraqlıdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Azərbaycan dostluq qrupunun sədri A.Rişard ölkəmizə səfərdən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. O, qeyd edib ki, əməkdaşlığın daha da genişlənməsində parlamentlər mühüm rol oynayır: “Fransa Senatı Azərbaycan Parlamenti ilə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”.

Qəbulda siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Cavanşir Feyziyev və digər rəsmi şəxslər iştirak ediblər.


00:53 12.09.2015
Xəbər lenti
Bütün xəbərlər