KANAL24.AZ
Az Iw En Ru

Görkəmli akademik Ağamusa Axundov son mənzilə yola salınıb

Sentyabrın 7-də respublikanın tanınmış dilçi alimi, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, “Şöhrət” ordenli, akademik Ağamusa Axundov son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Akademik Ağamusa Axundovun həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış dilçi alim Ağamusa Axundovun səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb.

A.Axundovun Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən söz açan AMEA-nın rəhbəri alimin bu sahədə elmi məktəb yaratdığını, bütün mənalı ömrünü dilçilik elminin inkişafına həsr etdiyini vurğulayıb.

Bildirilib ki, akademik A.Axundovun simasında Azərbaycan elmi böyük dilçi alimi itirib. O, bu sahənin görkəmli nümayəndələrindən biri idi. Akademik A.Axundov zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminə böyük töhfələr verib, bütün ömrünü bu sahəyə, AMEA-nın inkişafına həsr edib.

Akademik A.Əlizadə qeyd edib ki, A.Axundov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına mühüm töhfələr verib. O, bu sahədə çoxlu dilçi alimlər, mütəxəssislər, filoloqlar yetişdirib. Görkəmli alim, təvazökar və səmimi insan olan A.Axundovun zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, A.Axundov Azərbaycan dilçilik elminin beynəlxalq aləmdə tanınan və qəbul olunan görkəmli nümayəndələrindən idi. O, bu sahədə bir neçə elmi məktəbin yaradıcısı və banisidir. Uzun müddət Bakı Dövlət Universitetinin (BDU) ümumi dilçilik kafedrasına rəhbərlik edən alimin elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi “Ümumi dilçilik” kitabı çapdan çıxıb. Akademik A. Axundov ümumi dilçilik məktəbinin və Azərbaycan fonetika sahəsinin yaradıcısı kimi qəbul olunur.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, alimin fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqrafiyası elmi ictimaiyyətə təqdim olunub. Bu sanballı tədqiqatın elmi dəyərini yüksək qiymətləndirən Azərbaycan dövləti fonetika və fonologiya sahəsinin inkişafındakı xidmətlərinin məntiqi yekunu olaraq alimi Azərbaycan Dövlət Mükafatına layiq görüb. Vurğulanıb ki, respublikamızda riyazi dilçilik elminin yaradıcısı da A.Axundovdur. Alim ədəbiyyatşünaslıq sahəsində də böyük töhfələr verib. Onun “Dil və ədəbiyyat” adlı ikicildliyi məhz dil və ədəbiyyatın birgə təmasına, inteqrasiyasına, ədəbiyyatşünaslıq məsələlərinə həsr olunur. A.Axundov bir çox monoqrafiyaların, o cümlədən Azərbaycan filologiya elmi tarixində dəyərli mənbə hesab edilən 500-dən artıq elmi əsərin müəllifidir.

A.Axundovun BDU-da səmərəli pedaqoji fəaliyyətindən söz açan akademik Abel Məhərrəmov bildirib ki, görkəmli alim 1950-ci ildən ömrünün sonunadək həyatını bu ali məktəbə bağlayıb. Uzun illər burada səmərəli pedaqoji fəaliyyətlə məşğul olub.

Vida mərasimində çıxış edən akademiklər Vasim Məmmədəliyev, Teymur Kərimli və başqaları akademik A.Axundovun zəngin elmi fəaliyyətindən, ölkəmizdə dilçilik elminin inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, ömrünün çox hissəsini Azərbaycan dilçilik elminin inkişafına həsr edən A.Axundovun irsi gələcək nəsillərə layiqli töhfədir. Alimin sanballı elmi fəaliyyəti Azərbaycan dilçilik elminin parlaq səhifələrindən birini təşkil edir. Azərbaycan elmi mühitində görkəmli dilçi alimin adı hər zaman fəxrlə anılacaq.

Mərhumun ailəsi adından çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Qeyd edib ki, akademik A.Axundovun elmi fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


17:11 07.09.2015