KANAL24.AZ
Az Iw En Ru

“Gördüm, qadın küçə ilə qışqıra-qışqıra qaçır”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində öz bacısını güllələməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Nadir Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

 

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Nadir Abdullayev Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd) və 120.1 (Qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilir. Bu ilin martın 10-da Nadir Abdullayev Xırdalanın mərkəzi bazarında bacısı Aybəniz Abdullayevaya atəş açaraq onu yaralayıb. Ayağından yara alan Aybəniz Abdullayeva xəstəxanaya yerləşdirilib. 

N.Abdullayev bacısını əxlaqsız hərəkətlər etdiyinə görə güllələdiyini deyib.

Məhkəmədə şahid qismində ifadə verən Novruz Şükürov bildirib ki, hadisə yerinə güllə səslərini eşidərək gəlib: 

“Bazarda zirzəmidə idim. Bir güllə səsi eşitdim, çölə çıxanda ikincini də eşitdim. Gördüm çoxlu adam toplaşıb, hay-küy düşüb. Mən də yaxınlaşdım, bir nəfər əlində tüfəng dayanmışdı. Tüfəngin lüləsi üzü aşağı idi. Tüfəngin kimin əlində olduğunu görmədim, əyilib aşağıdan tez tüfəngi əlindən aldım. Alan kimi də kənara tulladım ki, təkrar məndən alıb nəsə etməsin.

Mən atəş açılanda heç kimi görmədim, çünki hələ hadisə yerinə çatmamışdım. Çatanda gördüm ki, bir qadın küçə ilə qışqıra-qışqıra qaçır”.

Nadir Abdullayev şahid ifadəsinə etiraz edib: “Bu adam hadisə yerində olmayıb. Müstəntiq nə yazıb, ona da qol çəkib. Heç özü də bilmir ora nə yazılıb. Çünki bu latın qrafikası ilə oxuya bilmir. Mən hadisə vaxtı dedim ki, bir nəfər gəlsin məndən tüfəngi alsın, heç nə etməyəcəyəm. Adamların içindən biri gəlib tüfəngi aldı, yəni mən özüm könüllü təhvil verdim. Mən tüfəngi verdiyim adamı görsəm tanıyaram, amma o adam bu deyildi”.

Şahid N.Şükürov həqiqətən də latınca yazıb-oxuya bilmədiyini təsdiqləyib, amma tüfəngi aldığı təkrar bildirib.

Bundan sonra şahid qismində zərərçəkən Aybəniz Abdullayevanın qızı Lalə Məlikova ifadə verib: “Dayım xəstədi. Mən Kürdəmirdə idim, anam zəng etdi ki, dayın mənə güllə atdı. Uşaq xəstə idi, anam onu müalicə etdirirdi. Müalicə üçün dayımdan pul istəmişdi, dayım da onu vurmuşdu. Anamın əxlaqsız hərəkətləri olmayıb”. 

Nadir Abdullayevin gəlini, Aybəniz Abdullayevin kiçik qızı Sevda Lətifova ifadə verib. O bildirib ki, dava onun uşağının müalicəsi üstündə olub: “Mən dayımgildə qalırdım, uşağım xəstədir. Uşağı anam xəstəxanaya aparıb gətirirdi. Uşağın müalicəsinə dayım da pul verirdi. Bir gün anam zəng edib dedi ki, dayın məni vurdu. Anam dayımdan müalicə üçün pul istəmişdi, o da vurmuşdu”. 

Təqsirləndirilən şəxs təkrar olaraq ittiham aktı barədə etiraz edib: “Sevda indi ifadəsində deyir ki, dayımgildə qalırdım. Müstəntiq isə yazıb ki, anasıgildə qalırmış. Müstəntiq heç kimdən ifadə almayıb, hamısını özü oturub yazıb”.

Aybəniz Abdullayeva bildirib ki, uşaq Nadirgildə qalırmış: “Uşaq mənim üzərimdə qeydiyyatda idi, ona görə xəstəxanaya mən aparıb gətirirdim. Amma müalicənin pulunu Nadirlə birlikdə verirdik”.

N.Abdullayev deyib ki, xəstə olduğu üçün xəstəxanaya gedib-gələ bilməyib: “Buna görə də uşağı xəstəxanaya onlar aparırdı”.

Məhkəmənin növbəti iclası sentyabrın 7-ə təyin edilib.


00:14 01.09.2015
Xəbər lenti
Bütün xəbərlər