KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, sədr Məzahir Pənahov Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 avqust tarixli Sərəncamı ilə beşinci çağırış Milli Məclisə seçkilərin noyabrın 1-nə təyin edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, 2015-ci ilin ölkəmizin tarixində mühüm hadisə - Milli Məclisə seçkilər ili olduğunu nəzərə alaraq, vətəndaşların Konstitusiya ilə təsbit edilmiş seçmək və seçilmək hüquqlarının təmini, seçkilərin azad və ədalətli keçirilməsi üçün hələ ilin əvvəllərindən Mərkəzi Seçki Komissiyası genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə irimiqyaslı layihələr reallaşdırılıb, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki bazasının gücləndirilməsi üçün mütəmadi şəkildə ardıcıl addımlar atılıb.

Sonra iclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edilib.

İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


00:44 30.08.2015