KANAL24.AZ
Az Iw En Ru

Mahal İsmayıloğlu vəfat etdi

Müasir Azərbaycan jurnalistikasının tanınmış isimlərindən biri olan Mahal İsmayıloğlu vəfat edib. Bu barədə Musavat.com-a mərhumun qızı Ayan Sadıqlı xəbər verib.
 
Onun sözlərinə görə, Respublika xəstəxanasında müalicə olunan Mahal İsmayıloğlunun böyrəkləri bu gün öz funksiyasını itirib və jurnalist saat 13.20-də vəfat edib.
 
Qeyd edək ki, M.İsmayıloğlu xəstəliyi ilə bağlı Türkiyədə də müalicə kursu keçmişdi. Onun ürəyində də problemlər vardı.
 
 
Mahal İsmayıloğlu 1957-ci ilin yanvarın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.
 
1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində oxuyub. 1982-1984- cü illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib.
 
Onun ən parlaq jurnalistlik fəaliyyəti"Aydınlıq", "Xalq qəzeti", "Yeni Müsavat" qəzetləri bağlıdır. M.İsmayıloğlu bu qəzetlərdə köşə yazıları ilə çıxış edib. O, bir müddət "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində də çalışıb.
 
Allah rəhmət eləsin.
 
****
 
Jurnalistin ailəsindən musavat.com-a deyiblər ki, M. İsmayıloğlu sabah dəfn olunacaq. Lakin onun harada dəfn ediləcəyi ilə bağlı hələlik heç bir qərar yoxdur. Mərhum jurnalistin özü Xızıda dəfn olunmasını vəsiyyət edibmiş. Qızı Ayan Sadıqlı müxbirimizə deyib ki, o, Xızını çox sevirmiş və oranın təbiətinə vurğun imiş. Bu səbəbdən də orada dəfn olunmasını vəsiyyət edibmiş. Lakin ailəsi son qərarı hələ verməyib. 
 
****
Saat 16.30 radələrində musavat.com-a mərhumun qardaşından belə bir məlumat daxil oldu ki, dünyasını dəyişən jurnalisti bu gün Ramana kəndində dəfn edəcəklər.  
 
 
P.S. Mahal İsmayıloğlunun hüzr mərasimi Naxçıvani küçəsi 18, mənzil 34-də keçiriləcək (Azadlıq prospekti, İstanbul evlərinin arxası).
 
 
 
 
 
 
Müxbirimiz hazırda jurnalistin evindədir və bildiri ki, mərhumun cənazəsi məsciddə yuyulduqdan sonra evinə gətirilib. 
 
 
 
 






21:55 28.08.2015
Xəbər lenti
Bütün xəbərlər