KANAL24.AZ
Az Iw En Ru

“Mənsimovla münasibətlərim əladır...”

“Xəzər Lənkəran”ın məşqçilər korpusunda yer alan fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre görünməyən fiqur olsa da, gördüyü işlərin birbaşa komandanın nəticəsinə təsiri var. İtaliyalı mütəxəssis cənublu fanatlar tərəfindən də sevilir. İlk dəfə lənkəranlıların sevimli məşqçisi Mirça Rednik tərəfindən kluba gətirilən və ordakı işi ilə uğur qazanan Melkiorre rumın mütəxəssisin gedişindən sonra komandadan ayrılıb. İkinci dəfə məhşur mütəxəssis Con Benjamin Toşakın zamanında klub geri dönüb. 2013-cü ildə baş tutan o qayıdışdan sonra 53 yaşlı məşqçi hələ də klubdadır. Toşakdan sonra Mustafa Dənizli, Oğuz Çətin, Elbrus Məmmədov və nəhayət Yunis Hüseynovla çalışan Melkiorre sonucu dəfə cənublularla müaviləsini daha 2 il müddətinə uzadıb. 2017-ci ilə qədər “ağ-yaşıllar”ın heyətində olacaq italiyalı komanda ilə çempionluq yaşamaq istəyir. 

 

Covanni Melkiorrenin "Qafqazinfo"ya müsahibəsi

-Karyeranıza harda başlamısız?

- İtaliyanın “Focia” klubunda başladım. 6 il orada gənclər komandasında məşğul oldum. Sonra əsas komandaya getdim və əsas çempionatda məşqçilik etdim. Bundan sonra isə başqa bir kluba getdim. “Pistoiese” klubunda işləməyə başladım. Bu komanda Seria B-də mübarizə aparsa da, çox güclü idi. Təsəvvür edin hazırda “Yuventus” klubunun baş məşqçisi olan  Massimilano Allleqri o zaman bu klubda futbolçu idi. Mən isə onun məşqçisi idim. Bu komandada 2 işlədikdən sonra “Kyevo” ya getdim. Bundan sonra isə ölkədən çıxdım. “Kyevo”dan ayrıldıqdan sonra Goergi Haci məni “Bursaspor”a köməkçisi götürdü. 6-7 ay Türkiyədə bu klubda işlədim. Haci Bursadan ayrıldıqdan sonra onunla birlikdə mən də ayrıldım və “Qalatasaray”a gəldik. 1 il yarım müddətində də İstanbul klubunun məşqçisi kimi işlədim. O zaman “Qalatasaray”da Frank Riberi oynayırdı. Komanda yaxşı idi. Haci getdikdən sonra ordan ayrıldım. 

- “Qalatasaray”da 2 dəfə işləmisiz...

- Biz “Qalatasaray”dan ayrıldıqdan sonra Haci Rumıniyaya qayıtdı. Burda “Timişoara” klubu ilə müqavilə imzaladı. Məni də öz yanına apardı. Orda da bir müddət işlədikdən sonra “Styaua”ya getdik. Bu klubla Çempionlar Liqasının qrupuna vəsiqə qazandıq. Çox çətin olsa da, bunu bacardıq. Bundan sonra isə Hacinin klubun prezidenti Cici Bekali ilə münasibətləri pisləşdi və biz klubdan ayrıldıq. Bundan sonra Rumıniyada bir az qaldım. Elə həmin vaxtlar da Mihay Teja və Mirça Redniklə tanış olduq. Bundan sonra isə ilk dəfə Azərbaycandan təklif aldım. Bir menecer mənim “Neftçi”yə gəlməyimi və orada işləməyimi istədi. Amma bu ölkəni tanımırdım. İnternetdə müəyyən məlumatla axtardım və tapdım. Sərfəli müqavilə şərtləri olduqdan sonra düşündüm ki, niyədə getməyim. Gəldim və hər şeyin yaxşı olduğunu gördüm. “Neftçi”də mənə münasibət əla idi. 

- “Neftçi” hansı məşqçilərlə işlədiniz?

- 3 məşqçi dəyişdik. Ən yaxşı vaxtlarımız isə Arif Əsədovla oldu. Onunla birlikdə çempionata iddialı başladıq. 8-9 oyun ardıcıl qələbə qazandıq və təkcə bir oyun heç-heçə etmişdik. Turnir cədvəlinə başçılıq edirdik və bizdən aşağıda olan komandanı ən azı 6-7 xal qabaqlayırdıq. Sadıq Sadıqov o zaman “Neftçi”yə yeni gəlmişdi və məni çox istəyirdi. O həmişə mənə hörmət göstərirdi. Elə Orda işlədiyim vaxtlarda Haci yenidən “Qalatasaray”a gəldi. Frank Raykaardın gedişindən sonra onun 2010-2011-ci illər dönəmi başladı. Azərbaycandan ayrılıb, ən yaxın dostum Hacinin yanına getdim. Əslində onunla işləmək mənə zövq verirdi. Lakin 2011-ci ildə biz “Cim-Bom”dan yenidən ayrıldıq. Bəlkə də mən “Neftçi”də qalmalı idim. Çünki onlardan böyük hörmət görürdüm. 

- Azərbaycana qayıdışınız sabiq klubunuzun – “Neftçi”nin əsas rəqibi “Xəzər Lənkəran”a gəlməklə oldu. 

- Bu dəfə yolumuz “Xəzər Lənkəran”la kəsişdi. Mirça Rednikin və Mihay Tejanın cənub klubuna gəlişi məni də ora gətirdi. Onların təklifi ilə bu komandada işləməyə başladım. “Xəzər Lənkəran” camiəsi hər kəsi özünə cəlb etməyi bacarır. Mirça Rednik burda yaxşı işlər gördü. Elə ilk ildəcə ölkə kubokunu qazandıq və çempionatda yaxşı nəticə göstərdik. Lakin Avropa Liqasında “Makkabi”yə uduzmağımız çox pis oldu. Rednikin komandadan getmək ehtimalı vardı. Amma o zaman danışıqlar yaxşı oldu və biz yenidən işləməyə başladıq. Növbəti çempionata çox iddialı start verdik. “Neftçi”ni 10 xal qabaqlayırdıq. Amma məlum məsələlərdən sonra vəziyyət dəyişdi və ayrıldıq. “Neftçi”yə 0:5 hesablı məğlubiyyət bizi burdan ayırdı. Amma o zaman da düşünürdüm ki, “Xəzər Lənkəran”ı və azarkeşlərini heç vaxt unutmayacağam. 

- Mirça ilə birlikdə Rumıniyaya getdiniz?

- Əlbəttə. “Astra” (Ploeşti), daha sonra “Petrolul”da (Ploeşti) işlədik. Amma Mirça Belçika “Standart”ından təklif alıb ora getdi. Bu klubda fiziki hazırlıq məşqçisi olduğu üçün mən “Petrolul”da qalmalı oldum. Redniklə yollarımız ayrıldı. “Petrolul”da qalmağım mənim üçün yaxşı idi və biz kubok qazanıq. Karyeramın uğurlu illərinə əlavə edə bilərəm. Azərbaycan millisində çıxış edən Elhad Nəziri də o zaman “Petrolul”da idi. Sonra bu klubdan ayrıldım və işsiz qaldım. 

- Və nəhayət “Xəzər Lənkəran”a ikinci qayıdışınız baş tutdu?

- Bəli. Con Benjamin Toşakın zamanında klubdan mənə zəng elədilər ki, yenidən “Xəzər Lənkəran”a gəlim. Düşündüm ki, sevdiyim komandada niyə işləməyim? Buna görə Azərbaycana qayıtdım. İndiyə qədər də burdayam.

- Amma Mirça Rednikin zamanındakı komandanı görmədiniz...

- Con Toşak böyük məşqçi idi. Mən onunla işləyəndə gördüm ki, o, həqiqətən də adına layiqdir. Bəlkə də o, Azərbaycana uyğunlaşa bilmədiyi üçün alınmadı.  Lakin onun yaratdığı komanda çox yaxşı futbol nümayiş etdirirdi. Amma nəticə yox idi. Təbii ki, futbolda əsas nəticədir. 

- Toşakdan sonra bir çox məşqçilər kluba gəlib-getsə də, siz hələ də burdasız. Səbəbi nədir?

- Bunun xüsusi bir səbəbi yoxdur. Mən işimi sevən adamam və işimə dəyər verilən yerdə həvəslə çalışıram. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov mənə çox hörmət edir. Onunla münasibətlərim əladır. Mənsimov işini görən insanlara qiymət verir və bu gün buna görə də mən “Xəzər Lənkəran”dayam.

- Bu mövsüm komandadan nə gözləmək olar?

- Çox da yüksəkdən danışmaq lazım deyil. Biz gücümüzə bələdik. “Xəzər Lənkəran” iddialı yerlər üçün mübarizəni davam etdirəcək. Transferlərə də baxarsaq, həqiqətən hər şey yaxşıdır. Məsələn, Dieqo Qusmao transferini çox yüksək qiymətləndirirəm. Əla oyunçudur. Eləcə də digərləri. İlk oyunda qazandığımız əzmkar qələbə bizim üçün çox vacib idi. Azarkeşlərin stadiona dönməyi isə sadəcə möhtəşəmdir. Cənublu fanatlar hər zaman möhtəşəm olduğu kimi, yenə möhtəşəm idilər. Dəstək və istək bizə ilk oyunda 3 xal qazandırdı. “Qarabağ” və “Qəbələ”nin gücünü vurğulamaq istərdim. Amma onlara layiqli  müqavimət göstərməyə hazırıq. Bildiyimə görə, yeni transferlər də olacaq. 

-Azərbaycan futbolu haqqında ümumi nə düşünürsünüz?

- Burda idmanın bu növünə qayğı göstərilir. Amma futbolçular da üzərində çox çalışmalıdır. Azərbaycanlı futbolçular fizika məşqlərindən qorxurlar (gülür). Daha çox işləmək lazımdır ki, daha çox qazanasan. 

 

18:24 12.08.2015
Xəbər lenti
Bütün xəbərlər