KANAL24.AZ
Az Iw En Ru

Vergi borclarının ödənilməsi üçün tədbirlər görülür

Bu il 180 min 689 vergi ödəyicisinin vergi borcunu ödəməsi təmin olunub, borclu vergi ödəyicilərinin xüsusi çəkisi 5,6 faiz təşkil edib.

Vergilər Nazirliyi Kanal24.az-a 2014-cü ilin 9 ayı ərzində yaranmış vergi borcları və onların ödənilməsi ilə bağlı görülən tədbirlərlə bağlı məlumat verib. Məlumatda bildirilir ki, vergi
ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 60 mindən çox qərar çıxarılıb. Bu qərarların 72,4 faizi borclar ləğv edildiyi üçün bağlanıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 400,5 min manat borc məbləğini əhatə edən 587 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə qərarlar üzrə 45,2 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11 min 237 vergi ödəyicisinin 11,7 milyon manatdan çox borcu ödənilib, 12 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 468 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulması bərədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilən tədbirlər 1009 fiziki şəxs üzrə 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi ilə nəticələnib. Həmçinin vergi orqanları tərəfindən 706 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 2 min 940 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə icra məmurlarına müraciətlər ünvanlanıb.
Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə, ümumilikdə 606 vergi ödəyicisi üzrə 26,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.


08:40 22.10.2014