KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda sosial təminat üzrə xərclər 8 dəfə artıb

Son 10 ildə Azərbaycanda sosial təminat və əhalinin sosial müdafiəsinə çəkilən dövlət xərcləri 8 dəfə artıb.

Kanal24.az xəbər verir ki, bunu Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, son 10 ildə əhalinin gəlirləri 5,6 dəfə, əməkhaqqı 5,7 dəfə, minimum əməkhaqqı təqribən 15,7-16 dəfə artıb: "Ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib. Şübhəsiz ki, bu göstəricilər, xüsusil,ə yoxsulluq səviyyəsinin azalması bilavasitə məşğulluğun təminatı ilə bağlıdır".

İ.İsayev qeyd edib ki, ümumilikdə Azərbaycanda son 10 ildə əhalinin sosial müdafiəsi sahəsində ciddi islahatlar aparılıb.

O deyib ki, dünya əhalisinin təqribən 20 faizi sosial müdafiə sistemi ilə əhatə olunub: "Bu baxımdan sosial müdafiə sisteminin əhatə dairəsinin genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Lakin bu, çətin məsələdir və onu həll etmək üçün əvvəlcə yaşlanma və ailə strukturunun dəyişməsi problemini həll etmək, qloballaşan iqtisadiyyatın mənfi təsirini minimuma endirmək, qanunsuz məşğulluğu aradan qaldırmaq lazımdır".

Nazir müavini bildirib ki, ümumilikdə sosial müdafiə sisteminə iqtisadi inkişafın istehsal amili kimi baxmaq lazımdır: "Çünki təcrübə göstərir ki, güclü sosial müdafiə sistemi olmadan iqtisadi islahatlar nəticə vermir".


03:27 22.10.2014