KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda əmanətlərin sığortalanmasına maraq varmı?

“Hər kəs bankda yerləşdirdiyi vəsaitindən daha çox gəlir götürmək niyyətindədir”.

Bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondu (ADİF) 6 aylıq hesabatını açıqlamışdı. 
Fond bildirib ki, dollarla olan əmanətlərin yarısından çoxu, yəni 69%-i, manatla olan əmanətlərin isə 27%-i, avro ilə olan əmanətlərin isə 4%-i sığortalanıb. 

2015-ci ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 561 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%) artıb.

Kompensasiya olunan əmanətlər isə 437 milyon manat (25,9%) artaraq 2 milyard 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

Azərbaycanda əmanətlərin sığortalanmasına maraq nə səviyyədədir, dünya təcrübəsində əmanətlərin sığortalanması necə həyata keçirilir? Bu suallar ətrafında iqtisadçı-ekspert Pərviz Heydərov-la əlaqə saxladıq. 

Onun sözlərinə görə, Azərbaycanda əmanətlərin sığortalanmasına maraq az deyil. Bununla belə, hər bir kəs bankda yerləşdirdiyi vəsaitindən daha çox gəlir - faiz götürmək istəyir. Bunu isə tam sığortalamaq mümkün deyil:

“Əmanətlərin sığortalanmasına maraq az deyil. Hər bir kəs bankda yerləşdirdiyi vəsaitinin təhlükəsizliyinə zəmanət istəyir. Bu, eyni zamanda banklara inam və etimad məsələsidir. Sadəcə olaraq burada bir məqam var. O da bundan ibarətdir ki, hər bir kəs bankda yerləşdirdiyi vəsaitindən daha çox gəlir - faiz götürmək istəyir. Bunu isə tam sığortalamaq mümkün deyil. Odur ki, sığorta müəyyən qayda və mexanizm, daha dəqiq desək, çərçivə əsasında həyata keçirilir”.

Ekspert bildirib ki, xarici təcrübədə kreditlər üzrə faiz dərəcələri aşağı olduğundan, banklar tərəfindən əmanətlər üzrə 9-10 %-dən yuxarı gəlir vəd edilmir:

“Xarici təcrübədə bu, müxtəlif cür həyata keçirilir. Lakin əksəriyyətində banklar tərəfindən əmanətlər üzrə 9-10%-dən yuxarı gəlir vəd edilmir. Çünki təklif olunan kreditlər üzrə faiz dərəcələri də aşağıdır”.

“Bu mənada bizdə əmanətlərin sığortalanan faiz dərəcəsi kifayət qədər yüksəkdir. Sadəcə, məbləğ aşağıdır”-deyə, P.Heydərov əlavə edib. 

Məlumdur ki, ölkəmizdə Mərkəzi Bankın nəzdnində Əmanətlərin Sığortalanması Fondu (ADİF)) fəaliyyət göstərir. Adı çəkilən qurum tərəfindən banklarda əmanətləri olanların yalnız 30 (otuz) min manatdan çox olmamaq şərtilə, illik 12%-lə yerləşdirilən əmanətləri sığortalanır. 

Qeyd edək ki, 2015-ci il fevralın 24-dən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir.

24 fevral tarixinədək iştirakçı banklarda illik maksimum 12%-lə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan əmanət hesab olunur.

“Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir” - deyə, fond bildirir. /oxu.az/

 

05:37 31.07.2015
Xəbər lenti
Bütün xəbərlər