KANAL24.AZ
Az Iw En Ru

Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransı keçiriləcək

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. 

Kanal24.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda xatırladılır ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər qurub. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikada islam ölkələrinin qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumları keçirilib.

Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının 2015-ci il 23–27 noyabr tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək tapşırılıb.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

01:41 26.07.2015