KANAL24.AZ
Az Iw En Ru

Üç güləşçimiz 1/4 finalda – CANLI YAYIM

Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. İkinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.
 
Yunan-Roma güləşi
66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0
 
75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2*:2.
 
85 kq
Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb və rəqibini 8:0 hesabı ilə üstələyib. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla güləşib. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Əgər Manukyan finala yüksələrsə, Təhmasibi təsəlliverici görüşlərə qatılacaq.
 
130 kq
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.

21:14 14.06.2015