KANAL24.AZ
Az Iw En Ru

Humanizmə sədaqət nümunəsi

Cinayət və cəza insan həyatının ən ağır və ağrılı dövrü hesab edilir. Ona görə də uzun müddət acısı çəkilir. Cinayət törədənin "başı əlhəd daşı"na dəydikdən (məhbus həyatı yaşadıqdan) sonra haqqa, ədalətə daha çox söykənərək, "kimsənin yolu bu tikanlı məftillərin arasından düşməsin" söyləmələri "gecikmiş etiraf" olsa da, hər halda, "ziyanın yarısından qayıtmaq" qədər əhəmiyyətlidir. Lakin bütün bunlarla yanaşı, cinayət törədilibsə, cəzası çəkilməli, cinayətkar islah olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin seçkilərində verdiyi hər bir vəd sözdən əmələ keçdikcə ölkə vətəndaşlarının dövlət başçısına etimadı bir daha artır ki, bu da xalq-hakimiyyət birliyinin əsas və vacib amillərindəndir. Bu fikirlər reallıqda təsdiqini tapdıqca ictimaiyyət onu humanizm prinsiplərinə sədaqət nümunəsi kimi dəyərləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin əfv olunmaları haqqında imzaladığı növbəti, sayca 57-ci sərəncam da bu prinsipə əsaslanıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına əfv haqqında ünvanlanmış müraciətlərinə baxaraq, onların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamın icrası ölkəmiz üçün əlamətdar olan 18 oktyabr - Dövlət müstəqilliyi Gününə təsadüf etdi. Əlbəttə, məhbus həyatının son anlarını yaşayan, onların yolunu həsrət və intizarla gözləyənlər üçün bu, ikiqat sevinc deməkdir.
Bu sevinc və kövrək hisslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki cəzaçəkmə müəssisələrində də yaşandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsində bu sevincdən pay düşənlərin sayı yeddi idi. Lakin onların azadlığa buraxılması xəbərindən sevinənlərin sayı isə, təbii ki, bundan qat-qat artıq idi.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə polkovniki Rafiq Ramazanov azadlığa buraxılanları əfv sərəncamı ilə tanış edərək, onlara bundan sonrakı həyatlarında səmərəli fəaliyyət, cəmiyyətə və dövlətə layiqli vətəndaş, ailəyə isə doğma övlad münasibəti arzuladı.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Eyvaz Əsgərov gənclik illərini dəmir barmaqlıqlar arasında keçirən, bu gün isə əfv olunan məhbusların hər birinə azadlığın qədrini bilməyi, bir daha cinayət törədərək yenidən "köhnə həyata" qayıtmamalarını arzuladı.
Doğmalarına qovuşan, dövlət başçısına bu humanizmə görə dərin minnətdarlıqlarını bildirən dünənki məhbus, bugünkü azad ölkə vətəndaşları - Ağalar Hümbətov, Afiq Kazımov, Natiq Məmmədov, Əbülfəs Rzayev, Hüseyn Şirəliyev və Emin Namazov bayırda onları gözləyən doğmalarla görüşə tələsdiklərini də gizlətmədilər.
Məhbus Hüseyn Şirəliyevin qardaşı Samir sevincinin həddi-hüdudu olmadığını, buna görə fikirlərini ifadə etməkdə çətinlik çəkdiyini söylədi. Yalnız onu xüsusi olaraq vurğuladı ki, heç bir qardaş qardaşının məhkumluq həyatı yaşadığını görməsin. Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə 3 il azadlqdan məhrum olunan Hüseyn Şirəliyev cəzasının 1 il 5 ayını çəkib. Bıçaqlama hadisəsinin qurbanı olan bu gənc həmyaşıdlarına azadlığın qədrini bilmələri üçün onlara mesaj da göndərdi: "...Çalışın, yolunuz azadlığa doğru olsun! Gəncliyinizin qədrini bilin, ata-analarınızın, doğmalarınızın məsləhətlərini eşidin. Dövlətimizə sədaqətli vətəndaş olun!"
Qonşu davasının acısını cəzaçəkmə müəssisəsində çəkən Əbülfəs Rzayev 6 il azadlıqdan məhrumolmaya məhkum edilib. 3 il 4 ay cəza çəkən bu gənci qarşılamağa gələn qardaşı Bayandurun həyəcanı digər məhbuslarla görüşə gələnləri də kövrəltdi. O, bu kövrək hisslərlə dövlət başçısına minnətdarlığını çatdırmağı xahiş etdi: "Nədənsə, təsadüfən, ya bilərəkdən bu gün azadlığa buraxılanların əksəriyyətini qarşılamağa gələnlər qardaşlardır! Qoy hər kəs dostu və qonşusu ilə sözün əsl mənasında qardaş olsun! Onda azadlıqdan məhrum edilənlərin sayı azalar. Bu isə cinayətin sayının azalması deməkdir. Cəmiyyətimizə cinayətsiz vətəndaşlar arzu edirəm. Cənab Prezidentə minnətdaram ki, qardaşları qardaşlarla, bacılarla, oğulları analarla, balaları ataları ilə qovuşdurdu! Bundan da böyük savab olarmı?! Azadlığın şirinliyini bu gün bir daha dadan məhkum gənclərin qardaşları adından dövlətimizin humanist siyasət yürüdən başçısına təşəkkürümüzü bildirirəm".
Cəzaçəkmə müəssisəsinin dəmir qapılarının şaqqıltı ilə açılması intizarla gözlənilən son dəqiqələri də arxada qoydu. Baxışlardakı həyəcan və sevinc təkcə doğmaların qovuşmasından yaranmadı. Dövlət başçısının növbəti humanist addımı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan məhbusun qohum-qardaşının, dostlarının sevincini bölüşmək o qədər də asan deyildi. Axı qəfil xəbər həyəcan və təlaşlı olur.
Əlamətdar günlərdə, sözün əsl mənasında, azadlıqda, öz doğmalarının arasında olmaq necə də xoşbəxtlikdir. Həyəcan və sevincdən yanaqlarda donan göz yaşları ilə doğmalarının həbsxana həyatının son anlarını qarşılayanların yaşadıqlarını sözlə ifadə etmək çətindir. Budur, tikanlı məftillər, "əlhəd daşı" və bir də sevinclə qəhərin qovuşuğundan süzülən göz yaşı...

Məhəmməd NƏRİMANOĞLU,
             "Kanal24"


02:00 20.10.2014