KANAL24.AZ
Az Iw En Ru

Abel Məhərrəmov: “Mehriban münasibətlər qurmalıyıq”

“Hilton” mehmanxanasında IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsindəİnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda dəyirmi masa keçirilib.

 

Kanal24 xəbər verir ki, Dəyirmi masada Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Beynəlxalq Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. 
Rektor qeyd edib ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. 

“Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ilə Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək”.

Rektor bildirib ki, forum çərçivəsində keçiriləcək görüşlər, aparılacaq diskussiyalar çox dəyərli olacaq, yeni fikirlər ortaya çıxacaq və beləliklə, humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açılacaq. 

“Bu gün dünya miqyasında humanitar məsələlərlə bağlı yeni bir format yaranmaqdadır. Bu baxışların formalaşmasında az rolu olmayan Bakıda keçirilmiş ötən forumların yekunları, qəbul edilmiş qərarlar, Bəyannamələr, əslində, hamımızın gələcəyə olan baxışlarını ifadə edir. Bu baxışlar ondan ibarətdir ki, biz çalışmalıyıq bütün dünya xalqları bir yerdə olsunlar. Çünki, qlobal dünya sürətlə dəyişir, texnoloji inkişaf bu dəyişikliyi daha da gücləndirir, bu gün əsas məsələ bu dəyişikliyə uyğunlaşmaqdır. Texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Biz bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün bir-birimizlə daha yaxın və mehriban münasibətlər qurmalıyıq”. Qeyd edək ki,Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolumövzusunda keçirilən dəyirmi masasında 14 ölkədən 20 nümayəndə, o cümlədən Bakı Dövlət Universitetindən 50 nəfər iştirak edib.  Dəyirmi masada İsrail, Albaniya, Serbiya, Gürcüstan, Amerika, Braziliya, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan, və Vyetnamdan nümayəndələr iştirak edir.  Qonaqlar araında  Nobel mükafatı Laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri  olub. Dəyirmi masa üç işçi bölmədən ibarətdir. 


21:42 03.10.2014