KANAL24.AZ
Az Iw En Ru

Bakı 2015 alovu Azərbaycanın “Qərb qapısın”da

Ölkənin şimal-qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarında, Kür sahilində yerləşən və bir-birinə tarixən bağlı olan iki rayona səfər edən Bakı-2015-in alovu hərarətlə qarşılandı. Birgünlük fasilədən sonra bu gün, mayın 18-də məşəl karvanı əvvəlcə Qazaxdan, sonra Ağstafadan keçdi.
 
Ərazisi 692 km2, əhalisi 94707 nəfər (01.01.2015) olan Qazax Azərbaycanın “Qərb qapısı” da adlandırılır. Qədim yaşayış məntəqələrindən biri olan bu rayon həm də tarixən iri mədəniyyət mərkəzi olub. Rayondakı 112 tarixi abidədən 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənət əsəridir.
 
Məşhur generallar Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Cavad bəy Şıxlinski və İbrahim ağa Usubovla, ilk hərbi pilot Fərrux ağa Qayıbov, İtaliyanın milli qəhrəmanı "Serafino" - Tahir İsayev  və başqalarının vətəni kimi tanınan Qazax həm də, Azərbaycan ədəbiyyatının bir sıra novatorlarının doğulduğu torpaqdır. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Hüseyn Arif kimi xalq arasında sevilən yüzlərlə belə ədib bu torpağın övladlarıdır.
Qazax şəhərnin Heydər Əliyev prospektində başlayan məşəl estafetinin ilk fotoçəkiliş dayanacağı Ziyalılar parkında və onun ən əzəmətli abidəsi - Səməd Vurğunun heykəli oldu. Vüsal İsmayılovun başladığı və 2,93 km məsafəni əhatə edən estafet Azadlıq, Bakı küçələrindən keçməklə Heydər Əliyev parkına gətirildi. Bu yürüşdə Elvin Əmiraslanov, Asya Alhüseynova, Səidə Məmmədova, Emin Mustafayev, Arif Mustafayev, Vüsal İsmayılov, Rəşad Əhmədov, Gündüz Abışov və Vüqar Nəbiyev iştirak etdilər. Sonuncu məşəlçi Tərxan Əhmədov digər məşəlçilərin iştirakı ilə parkda quraşdırılmış tribunaya yaxınlaşdılar və yerli sakinləri salamladılar. Aparıcı, sonuncu məşəlçini səhnəyə dəvət etdi və buradakı çırağın alovlandırılması ilə səyahətin daha bir məkanı tarixə düşdü.
Məşəl yürüşündə iştirak etmiş Azərbacyan çempionatının gümüş medalçısı, məşqçi-müəllim Tərxan Əhmədov fikirlərini bölüşdü: "Məşəl karvanının Qazaxa gəlməsi hər birimiz üçün sevinc, fərəh anıdır. Mən də bu cərgədə olduğum üçün fəxr edirəm. Avropa Oyunlarında iştirak edən hər bir idmançımıza layiqli qələbələr arzulayıram. Güləşçi olduğum və hər birinin xarakterinə yaxından bələd olduğum üçün əminəm ki, pəhləvanlarımız həmişəki kimi Vətən bayrağını yenə uca tutacaq və parlaq zəfərlər əldə edəcəklər. Bu günə qədər qələbələrimiz çox olsa da, Avropanın birinci böyük yarışında bu zəfərin xüsusi və tarixi yeri, miqyası olacaq”.
 
Atəşgah məbədində ilk məşəlin alovlandırılması və Bakı 2015 hazırlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirildikdən sonra aparıcı məşəlçiləri təqdim edərək, onları səhnəyə dəvət etdi. Ardınca çırağın rayona təqdim olunması mərasimi keçirildi. Onu qol güləşi üzrə gənclər arasında 4 dəfə dünya və 6-qat Avropa çempionu Qismət Vəkilov rayon ictimaiyyətinə nümayiş etdirdi.
 
Mərasim başa çatdıqdan sonra karvan Ağstafaya üz tutdu. Sahəsi 1503,7 km², əhalisinin sayı 84434 nəfər (01.01.2015) olan Ağstafa ərazisinin 3510 hektarını meşəliklər örtür. Bunlrın da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı Tuqay meşələri ilə yanaşı, "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar da qorunur. Rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Buradakı paleolit abidələri bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir.
 
Məşəlin bölgəyə səfəri daha bir tarixin təməlini qoydu. 3,13 km-lik estafet Heydər Əliyev prospektində milli musiqinin sədaları altında ilk məşəlçi Namiq Həsənovun yürüşü ilə start götürdü. Ağamalıoğlu küçəsindən sonra Heydər Əliyev prospektinə qayıdan estafet iştirakçıları Hüseyn Arif küçəsinə keçməklə Heydər Əliyev parkının tağı olan əraziyə gəldilər. Burada Azərbaycanın əsas görməli yerlərinin modeli üzərində qurulmuş “Azərbaycan” mini-parkında xatirə şəkilləri çəkdirildi.
Mərasim Heydər Əliyev parkında quraşdırılmış səhnədə tamalandı. Bu yolu Oruc Orucov, Orxan Rəhimov, Anar Orucov, Nuriyyə İsmayılova, Nadir Cəfərov, Feyruz Həsənov, Tural Qasımov, Elmira Əhmədova, Tunar İmanquliyev qət etdilər. Digər həmkarlarının iştirakı ilə məşəllə səhnə ətrafına qədər olan yolu qol güləşi üzrə məşqçi-müəllim Nemət İbrahimli qaçdı.
 
Məşəl estafetinin iştirakçısı Tunar İmamquliyev ürək sözlərini dilə gətirdi: «Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə fəxr edirəm. Rayonumuzun 11 məşəlçisindən biri olmaq mənim üçün böyük şərəf və etimaddır. Bakı 2015-də idmançılarımızın uğur qazanacaqlarına heç bir şübhəm yoxdur. Məncə, həmişəki kimi, bizi ən çox sevindirənlər məhz güləşçilər olacaqlar. Onlara güvənimiz hədsizdir. Axı, Azərbaycan pəhləvanlar yurdudur”.
 
Rayon əhalisini salamladıqdan sonra, aparıcının dəvəti ilə sonuncu məşəlçi Nemət İbrahimli Ağstafada da Avropa Oyunlarının izi olacaq çırağı yandırdı. Alovun əldə edilməsi və Bakı 2015-in təbliğat videoçarxları səhnədə qurulmuş iri ekranda göstərildi. Sonra estafet iştirakçıları yerli sakinlərin sürəkli alqışları ilə yenidən səhnəyə dəvət edildilər.
 
Bakı 2015-in məşəlindən götürülmüş alovla yandırılmış çırağı isə rayona karate üzre respublika çempionu Orxan Kazımlı təhvil verdi. Çıraq Avropa Oyunlarının sonuna qədər Heydər Əliyev Mərkəzində alovlanacaq və yalnız Bakı 2015 başa çatdıqdan sonra söndürüləcək.
Aparıcı Birinci Avropa Oyunları haqqında ətraflı məlumat təqdim etdikdən sonra tədbir yüksələn şüarların sədaları altında tamamlandı. Səmaya alov şarları buraxıldı.
 
Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlərflame.baku2015.com linkinə daxil ola bilərlər.

09:33 20.05.2015