KANAL24.AZ
Az Iw En Ru

Musiqinin sağlamlığımıza təsiri

Musiqinin insan beyninin inkişafına töhvəsi, əhvalına təsiri, sağlamığın saxlanmasında və ya bərpasında rolu ilə bağlı indiyəcən çoxsaylı tədqiqiatlar aparılmış, xeyli sayda faktlar müəyyən edilmişdir. Təkcə insana deyil, heyvanlara,  bitkilərə təsiri ilə bağlı da tədqiqatlar aparılıb. 
 
Bizimyol.info rasional.info saytına istinadən musiqinin insan sağlamlığına təsiri haqqında bəzi əsas məqamları təqdim edir:
 
 
1. Əvvəllər “Motsart effekti” deyilən fenomen populyar idi. Frensis Rauşer adlı alim və onun həmkarları belə bir qənaətə gəlmişdilər ki, körpələrə Motsartın musiqilərinin dinlədilməsi onların intellektinin yüksəlməsinə səbəb olur. 2004-vcü ildə Toronto univrsitetindən psixoloq Qlen Şelenberq (Glenn Schellenberg) geniş tədqiqat nəticəsi olaraq təyin etdi ki, musiqi dərsləri intellekti (IQ) yüksəldir. Yəni, əvvəllər sanıldığı kimi, təkcə Motsartın musiqilərinə qulaq asmaq deyil, məhz musiqi təhsili və musiqi alətlərində ifa etməyi öyrənmək. Şelenberq bu nəticəyə azyaşlı uşaqlara 36 həftəlik musiqi dərsi keçdikdən sonra, onların intellekt göstəricisini başqa həmyaşıd uşaqlara müayisə edərək gəlmişdi.
 
2. Amerikalı doktor Loqan hamilə qadınlar üçün xüsusi bandaj ixtira etmişdi. Xüsusi mikro kalonkalarla təchiz olunmuş bandaj pleyerə qoşulur, ana bətnində olan körpə üçün tövsiyə olunan musiqilər səsləndirilir. Bu cür bandajlardan istifadə etmiş qadınların uşaqları (1200-dən çox) müəyyən yaşa çatdıqdan sonra test edib, onların həmyaşdıları ilə müqayisədə çox daha zəki olduğunu müəyyən etmişlər. Hazırda hamilə qadınlar üçün xüsusi səs kalonkaları hazırlanır. 
 
 Müasir elmə məlumdur ki, insanın eşitmə qabiliyyəti hələ ana bətnində ikən formalaşır (26-cı həftədən). Ananın səsini və ananın eşitdiyi şeyləri o da eşidir. Anada sevinc, kədər, qorxu və s. emosiyalar yaradan şeylər ona da təsir edir, onu da müvafiq surətdə duyğulandırır. Odur ki, insanın musiqi zövqü hələ ana bətnində ikən forma-laşmağa başlayır. İnsan qismən anasının musiqi zövqünün daşıyıcısı kimi gəlir dünyaya. Ananın (nənənin və ya başqa şəxsin) himayəsində ikən bu proseslər hansısa qədərlərdə davam edir.
     
Başqa bir tədqiqiatın nəticələrinə görə, hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələri arası musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşı güclü olur.
 
Mütəxəssislərin fikrincə, yaşdan asılı olmayaraq hər hansı musiqi alətində ifa etməyi öyrənməklə insan özünün idrak imkanlarını genişləndirir. Vacib deyil peşəkar ifaçı səviyyəsinə qalxmaq. Həvəskar ifaçılıq da zəkaya öz faydasını verir.
 
3. “Yüngül” ritmik mahnılar insan yaddaşında özünə daha möhkəm yer edir. Yəni, yüksək sənət nümunəsi sayılan mahnılardan daha yaxşı yadda qalır. Bu fenomenin səbəbləri dürüst məlum deyil. Amma bəzi hipotezislər var:
 
- adamlar belə mahnılara dönə-dönə qulaq asır, yaxud özlərindən asılı olmayan səbəblərdən onları dəfələrlə eşitməli olurlar (TV-də, radioda, toylarda, küçədə və s.)
 
- orqanizmdə azı 200 ritmik proses var. Ritmik mahnılar bir çox hallarda həmin ritmlərin bir çoxu ilə konsonans (ahəng) yaradır. Belə hallarda orqanizmin fəaliyyəti yaxşılaşır, adam bundan həzz alır, pozitiv emosional proseslər baş qaldırır və s. Odur ki, adam durduğu yerdə dingildəməyə başlayır, rəqs etmək həvəsinə gəlir. Bu səbəblərdən, beyin belə ritmik melodiyalara yaddaşda xüsusi yer verir, lazımlı bir şey kimi möhkəm yadda saxlayır.
 
- səviyyəli sənət nümunələri əksər hallarda bu cür yüksək effekt yarada bilmirlər. Buna görə, əksəriyyət adamlar üçün cəlbedici deyil, yaxşı yadda qalmır.
 
4. Beyin həyat ərzində güclü təsir etmiş melodiyalardan kompozisiyalar düzəldib yadda saxlayır. Bu, hansısa mahnılar bütövlükdə, yaxud onların hansısa fraqmentləri, yaxud da bir neçə mahnıdan götürülüb birlərşdirilmiş fraqmentlər ola bilir. Müəyyən məqamlarda onları yada salır, yaxud birbaşa səsləndirir. Məsələn, birdən olur ki, adamın durduq yerdə hansısa mahnıya quaq asmaq istəyi yaranır. O deməkdir ki, orqanizmdə nəsə düz getmir və beyin olmuş təcrübəyə əsasən (o təcrübə ki, adam nə vaxtsa bu mahnıya qulaq asan zaman kefi yaxşılaşmışdı, orqanik proseslər normallaşmışdı və beyin bunu yadda saxlamışdı), bu mahnının səslənməsini orqanik ritmləri yaxşılaşdırma üsulu kimi istəyir.
 
Birbaşa səsləndirmə zümzümədir. Hamı zümzümə edir və əksər hallarda bu, qeyri-ixtiyari ifa kimi başlayır. Məsələn, məşğul olduğu iş adamın əhvalını yaxşı edirsə, bu zaman qeyri-ixtiyari zümzümə başlaya bilir. Bunlar beyinin “qızıl fondunda” olan unudulmaz kompozisiyalardır. Adamın “Öz”ündən yalnız o mənada asılıdır ki, o, yeni və daha güclü təsirli mahnılara təkrar-təkara qulaq asmalqa, həmin “fondu” məqsədli şəkildə yenilədə bilər.
 
Musiqi ifası "yoluxdurucudur". Xoşa gələn ifanı dinləyən adamlar ifaçıya qoşulub sinxron ifa etməyə avtomatik motivə olunurlar. Buna görə, konsert zamanı ifaçının bir işarəsi kifayət edir ki, oxumağa hazır vəziyyətdə olan tamaçaşıların kütləvi xoru işə düşür.
 
5. Bir çox musiqi ritmlərinin insan sağlamlığına ciddi mənfi təsir göstərdiyi sübut olunub. Məsələn, “The Beatles” qrupunun “Helter Skelter” kompozisiyası onu dinləyən bir çox adamların qarın və döş nahiyəsində ağrılara səbəb olduğu dəfələrlə təsdiq olunub. Elə musiqi ritmləri var ki, insan beyninin iş ritmi ilə ciddi konfliktlər yaradır. İnsana belə ritmləri uzun müddət məcburi dinlətməklə ağır psixi xəstəliklər doğurmaq mümkündür. Son vaxtların tədqiqatlarına görə, belə musiqilər yeniyetmə və gənclərin psixikasına ağır təsirlər göstərir.
 
6. ABŞ-da Şulman soyadlı həkim pasiyentləri musiqinin köməyi ilə müalicə etmək metodunu inkişaf etdirdi. Şulman yazır ki, orqanizmdə hər bir orqanın öz iş ritmi var. Orqanın xəstələnməsi bu ritmlətin pozulması ilə müşayiət olunur. Sağlam orqanların ritminə uyğun musiqiləri xəstələrə dinlədən zaman, onların xəstə orqanları bu ritmləri “eşidir” və bu da həmin orqanın ritminin bərpa olunmasına (tez sağalmasına) kömək edir.
 
Bir çox ölkələrdə musiqi terapeyasından geniş istifadə edilir. İngiltərə, ABŞ, Almaniya, İtaliya və Yaponiyada musiqi terapeyasına dair xüsusi jurnallar dərc olunur. Komaya düşmüş adamların musiqi dinlətməklə ayıldılmasına dair faktlar məlumdur. Hazırda, musiqi terapiyası sahəsində geniş bilim və metodlar sistemi mövcuddur.
 
Günümüzə gəlib çatmış mənbələrə əsasən:
 
- Qədim Misirdə yuxusuzluq problemini aradan qaldırmaq və ya ağrıları azaltmaq üçün xəstələrə xor ifası dinlədilirdi;
 
- Qədim Çində təbiblər bir sıra xəstəliklərin sağaldılmasında musiqi melodiyalarından istifadə edirdilər;
 
- Qədim Yunan riyaziyyatçısı Pifaqor qəzəb, aqressiya, tənbəllik və s. mənfi hallara qarşı musiqinin faydalı olmasından, habelə zəkanı inkişaf etdirmək üçün musiqinin müsbət təsirindən yazmışdı.
 
- Platon hesab edirdi ki, musiqi insan orqanizmində bütün prosesləri ahəngə salmaq qüdrətinə malikdir;
 
- İbn Sina ruhi xəstəliklərin müalicəsində musiqidən istifadə reseptləri təklif etmişdi.
 
 
7. Musiqinin bitkilərə təsiri sahəsində də müəyyən biliklər mövcuddur. Qədim Hindistanda ilk dəfə müəyyən olunmuşdu ki, dibçək güllərinin yanında mütəmadi olaraq musiqi alətlərində ifadə olunanda, onların böyüməsi sürətlənir.  Hazırda məlumdu ki, bitkilərdə orqanik proseslərinin öz ritmləri var, uyğun musiqi bu ritmləri sürətləndirə bilir. Ötən əsrin 70-ci illərindən bu sahədə bir çox tədqiqatlar aparılıb:
 
- 70-ci illərdə İşveç alimləri müəyyən etdilər ki, bitkilərin plazma hüceyrələrində proseslər müsiqinin təsiri ilə daha sürətlənir;
 
-  1973-cü ildə amerikalı alim Dorotti Retallak bitkilərin inkaşfına hansı ritmli musiqilərin və hansı zaman limitləri ilə müsbət təsir göstərdiyini aydınlaşdırdı. Hansı musiqilərin faydalı, hansıların zərərli olduğunu müəyyən edən seriya eksperimentlər apardı. Məsələn, aşkar olundu ki, klassik musiqi bitkinin inkişafını stimullaşdırdığı halda, ağır rok onlara zərər verir, hətta məhvinə səbəb olur;
 
- holland mütəxəssisləri Retellekin nəticələrini təsdiq edən çox sayda eksperimentlər aparıblar, güllərlə bağlı;
 
- başqa bir tədqiqatda hansı alətlərdən səslənən musiqinin daha təsirli olması müəyyən edildi;
 
- hazırda Fransada bitkilərin məhsuldarlığını yüksəldən klassik musiqi kolleksiyaları məhşurdur (ayrıca disklərdə satılır). ABŞ-da bitkilərin inkişafına məqsədli təsir göstərmək (ölçülərin böyüdülməsi, məhsuldarlığın artırılması və s.) üçün tematik melodiyalar hazırlanmışdır. Çində istilikxanalarda “səs generatorlarından” istifadə olunur. Bunlar ayrı-ayrı bitkilərə müvafiq olan səs dalğaları yaymaqla, onlarda fotosintez, boy atma kimi prosesləri sürətləndirmək məqsədilə edilir.
 
8.  1999-cu ildə yapon alim Emoto Masarunun  “Suyun mesajı” adlanan kitabı dərc olundu və böyük diqqətə səbəb oldu. Masaru musiqinin suya necə təsir göstərdiyi ilə bağlı apardığı eksperimentlər haqda yazmışdı. Göstərmişdi ki, musiqi su molekullarında atomların düzülüşünü dəyişir. Müəyyən melodiyalarla (onların yaratdığı dalğalarla) təsir göstərilən suyun dondurulduqdan sonra fərqli kristallar yaratdığını yazırdı (adi halda belə olmur).
 
Masarunun nəticələrinə görə, klassik, həzin musiqilər suya təsir edərək onun xassələrini yaxşılaşdırırlar. Bu cür suyu içən insanın əhvalı yaxşılaşır, sağlamlığı və immuniteti güclənir. Uca səsli, mənasız, qıcıqlandırıcı, aqressiv, xaotik musiqi və digər səslər isə su tərkibli bütün varlıqlara mənfi təsir göstərir. 
 
Masarunun metodları və nəticələrinin bir çoxu elmi dairələrdə ciddi tənqid olunub. Populizm və psevdo elm kimi qiymətləndirilir. Bununla belə, populyardır.

05:39 18.05.2015
Xəbər lenti
Bütün xəbərlər