KANAL24.AZ
Az Iw En Ru

Əskişəhərdəki festivalda azərbaycanlı tələbələrin ifası maraqla qarşılanıb (FOTO)

Türkiyədə təhsil alan 160 ölkədən 80 min tələbənin iştirakı ilə VIII Beynəlxalq Tələbə Festivalı təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, ölkənin 33 şəhərində, o cümlədən Əskişəhərdə keçirilmiş festivalda Əskişəhər Azərbaycanlılar Dərnəyi Azərbaycan guşəsi yaradaraq çox sayda vizual materiallar, kitablar, bukletlər, milli suvenirlər, Azərbaycanın milli geyimlərini, respublikanın müxtəlif guşələrini əks etdirən rəsm əsərlərini nümayiş etdiriblər.

Festival zamanı azərbaycanlı tələbələrin ifasında milli musiqi və rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda dərnək tərəfindən Azərbaycan stendində yazıçı Ali Ekincielin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Beynəlxalq Tələbə Festivalı Beynəlxalq Tələbə Təşkilatları Federasiyası və Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə 2012-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Festivalın məqsədi Türkiyənin müxtəlif universitetlərində təhsil alan xarici tələbələrin təşkilatçılıq qabiliyyətini inkişaf etdirmək, onların arasında birlik və həmrəyliyi gücləndirmək, əcnəbi tələbələrin öz mədəniyyətini tanıtması üçün imkanlar yaratmaqdır.


19:28 14.05.2015