KANAL24.AZ
Az Iw En Ru

Birinci Avropa Oyunlarının məşəli Tərtərdə böyük coşqu ilə qarşılanıb

Mayın 12-də Tərtər şəhərində qələbəlik idi. Şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Əllərində üçrəngli bayrağımızı, gül-çiçək və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.

Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılandı. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırdı. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatdı.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edildi. Çıraq yarışların sonuna qədər “Bakı-2015”-in rəmzi kimi rayonda saxlanılacaq.

Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil edirdilər. Tərtər şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Səlim Zeynalov sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gəlişi cəbhə bölgəsində yaşayan tərtərlilərdə böyük ruh yüksəkliyinə səbəb olub. Hamının qəlbində fərəh və qürur, çöhrəsində sevinc hissi var. İnanıram ki, Bakıda keçiriləcək yarışlarda Azərbaycanı təmsil edən idmançılar bu sevincimizi daha da artıracaq. İdmançılarımıza uğurlar, xalqımıza qələbə sevinci arzulayıram”.

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasında rayonun ümumtəhsil məktəblərinin kollektivləri də iştirak edirdi. Cəmilli kənd tam orta məktəbin müəllimi Rəşad Şahbazov idman bayramına müəllim yoldaşları və şagirdlərlə gəldiyini, sonsuz fərəh hissi keçirdiyini dedi. Bildirdi ki, məşəl yürüşü, həmçinin ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin yaddaşında uzun müddət qalacaq, onlarda idmana marağın və vətənpərvərlik hisslərinin artmasında mühüm rol oynayacaq.

Məşəl estafetini seyr edən rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev isə dedi: “Yaşımın çox olmasına baxmayaraq, bu gün buraya əsl gənclik həvəsi ilə gəlmişəm. Atəşkəsin düşmən tərəfindən tez-tez pozulduğu Tərtər rayonunda belə bir möhtəşəm tədbirin keçirilməsini tədqirəlayiq hesab edirəm. Biz tərtərlilər Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir, Azərbaycanı dünyaya daha yaxından tanıdacaq bu mötəbər yarışın ilk dəfə ölkəmizdə keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam etdi.


03:32 13.05.2015
Xəbər lenti
Bütün xəbərlər