KANAL24.AZ
Az Iw En Ru

Xalq musiqisinin çırpınan ürəyi

Muğam Azərbaycan xalqının mənəvi sərvəti, dünəni, bu günü və gələcəyidir. O, insan psixologiyasının, duyğularının, ruhi yaşantılarının vəhdətini təşkil edir. Muğam sənəti bəşəriyyətin şah əsərləri sırasına daxil olunmuşdur. Onu inkişaf etdirmək müasir dövrdə ən zəruri məsələlərdən biridir.

Ustad-şagird ənənəsinə əsaslanan muğam sənətinin təməlində ilk növbədə istedadlı sənətkarlarımızın yaradıcılıq ənənələrinin gənc muğam ifaçılarına ötürülməsi durur. Azərbaycanın görkəmli muğam ustadları bu musiqi incisini yaddaş vasitəsilə nəsildən-nəslə keçirmişlər. Muğamlarımıza xüsusi nəfəs verən, özünəməxsus rəng çalarları əlavə edən xanəndələr məhz muğam ifaçılığının təbliğində də mühüm rol oynamışlar.

Azərbaycan muğam sənətinin inkişafında məktəblərin rolu mühüm əhəmiyyət kəsb edir. Hər məktəbin özünəməxsus ifa üslubu, muğamı təfsir etmə yolları, bu sənətin inkişafına təsir edən ifaçılıq ənənələri vardır. Muğam məktəbləri milli muğam sənətimizin, ifaçılığının qədim və bəşəri olduğunu göstərir. Bakı, Şamaxı, Qarabağ, Təbriz, Tiflis, Naxçıvan və s. başqa muğam məktəbləri Azərbaycan musiqi tarixinin ayrılmaz hissəsi olaraq qalacaqdır. Şərq musiqi mədəniyyətinin ən zəngin musiqisi hesab olunan muğam məhz bu tarixi məktəblərin mövcudluğu, təşəkkülü və inkişafı nəticəsində yaşayır. Keçmişdən bu günə qədər muğamın təbliğatçıları olan xanəndələr hansı məktəbin nümayəndəsi olmasına baxmayaraq, milli muğam sənətinin tarixində özünəməxsus iz qoymuşlar.

Qarabağ xanəndəlik məktəbinin ən parlaq nümayəndələrindən biri xalq artisti  Seyid Şuşinskidir. C.Qaryağdıoğlu S.Şuşinskini "Şərq musiqisinin incisi" adlandırmışdı.

Nadir və gözəl səsə malik olan Mir Möhsün Ağa Seyid İbrahim Şuşinski Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitində böyümüşdür. 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olmuşdur. Uşaq yaşlarından atasını itirməyinə baxmayaraq, musiqi istedadı üzə çıxar-çıxmaz onun davamına gedən yola qədəm qoymuşdu. Xalasının və əmisinin musiqiçi olmaları da onun bu sahədə formalaşmasına böyük təsir göstərmişdir. Yaşı az olsa da, əmisi ilə birgə toy məclislərində iştirak edirdi. Həmin məclislərdən birində məşhur xanəndə Keçəçioğlu Məhəmməd onun ifasını dinləyir və səsinə heyran qalır. Əmisi Məşədi Seyidəliyə bu gəncin musiqi təhsilini inkişaf etdirməyi məsləhət görür. O da öz növbəsində Seyidin xanəndəlik etməsindən, toylarda oxumasından əvvəl musiqi sənətinin sirlərinə yiyələnməsini üstün tutur. Klassiklərin seirlərini ona öyrədir, bunları muğam üstündə oxuyur. Onu da qeyd edək ki, klassik muğamların, eləcə də xalq musiqi nümunələrinin sirlərini S.Şuşinski dövrünün tanınmış ictimai xadimi, ensiklopedist, şair, rəssam, nəqqaş və xəttat Mir Möhsün Nəvvabdan öyrənmişdir. XIX əsrdə Azərbaycan ədəbiyyatının və incəsənətinin mərkəzi olan Şuşa məşhur sənətkarların, ədiblərin, musiqişünasların yaşayıb-yaratdığı möcüzəli məkan idi. M.Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan" və ya "Məclisi-xamuşan" şeir-musiqi məclisində  geniş müzakirələr aparılırdı. M.Nəvvabın məktəbində iki il təhsil alan gənc xanəndə S. Şuşinski təcrübə toplamaq və musiqi ictimaiyyətinə tanınmaq məqsədilə el şənliklərində, musiqi məclislərində oxumağa başlayır.

Xanəndələrin "tac"ı olan Cabbar Qaryağdıoğlu isə Seyidin xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Səsindən rövnəqlənən Qaryağdıoğlu hətta öz qavalını ona bağışlayır. S.Şuşinski xatirələrində deyirdi ki, Cabbar kimi bir ustad xanəndə olmaq üçün öz üzərimdə həvəslə çalışırdım. Odur ki, saatlarla Cabbarın qrammofon vallarına qulaq asar, həmişə onun oxumağını eşitməyə can atardım.

S.Şuşinski inanılmaz məlahətli səsə, yüksək diapazona malik xanəndə idi. O, ifa üçün mürəkkəb olan "Çahargah" muğamını böyük məharətlə oxuyardı. Digər xanəndələrdən fərqli olaraq, bu muğamı mayə pərdəsindən deyil, məhz "Mənsuriyyə"dən başlardı. Zildə böyük ustalıqla zəngulə vuraraq, mayəyə enməsi dinləyicini valeh edərdi. Bu xüsusiyyət muğama daha təsirli döyüş ruhu verirdi. Bu da onun professional xanəndə olduğunu göstərirdi. Hətta bu mürəkkəb və hər xanəndəyə xas olmayan ifanı S.Şuşinski 74 yaşında belə eyni şövqlə göstərmək bacarığına malik idi.

Seyid Şuşinskinin professional səhnədə ilk çıxışı onun musiqi təhsili almasından öncəki illərə təsadüf edir. Belə ki, 1908-ci ildə "Yay klubu"nda şuşalılar üçün təşkil edilən konsertdə ilk çıxışı olur. Məşhur xanəndə İslam Abdullayev bu konserti belə xatırlayir: "Biletlər bir həftə qabaq satılıb qurtarmışdı. Axşam saat 9-da konsert başlandı. Cabbar, Qasım, Məşədi Məmməd, Həmid və Keçəçioğlu oxuduqdan sonra Azad bəy Əmirov gənc Seyidin "Mani" oxuyacağını elan etdi. Seyidə "Bayatı-Şiraz" oxutdular. "Bayatı-Şiraz"ın "Xavəran" şöbəsindən "Qatar"a keçəndə o, nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki "Xavəran"dan "Qatar"a keçmək xanəndədən zil səsdən başqa, həm də ustalıq və cəsarət tələb edir. Gənc Seyidin ustalıqla bir muğamdan başqa bir muğama keçməsi, doğrusu mənə möcüzə kimi göründü. Seyid tarın son pərdələrindən aşağı enərək, təkrar zəngulələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrət içərisində Seyidə tamaşa edirdi". Beləliklə, Seyid tamaşaçıların rəğbətini ilk gündən qazandı. Eyni zamanda C. Qaryağdıoğlu S. Şuşinskini sonrakı çıxışlarından birində özünün davamçısı kimi  tanıtdı. Bəlkə də bu səbədən S. Şuşinskiyə "2-ci xanəndə" ləqəbi də verilmişdi (mənası - Cabbardan sonra 2-ci xanəndə olmasıdır).    

Ş.Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərinə müraciət edir, eləcə də Hüseyn Cavid və Mirzə Ələkbər Sabirin şeirləri əsasında da şifahi-professional musiqi nümunələri ifa edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şeirini "Müxalif"də oxuyurdu. O, eyni zamanda xalqı mübarizəyə çağıraraq, bu ruhda şeir və qəzəllərə də böyük yer verərdi. Onu da qeyd edim ki, S. Şuşinskinin adı siyasi mövzuya müraciət edən ilk xanəndə kimi də tarixə yazılmışdır. Belə ki, onun "Ayıl, ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s. mübariz ruhlu mahnıları da məşhurdur.

1911-ci ilədək Seyidin həyatı Şuşa ilə bağlı olur. Toy məclislərindən birində Məşədi Cəmil Əmirovla tanış olan Seyid öz səsi ilə onu da valeh edir. Məşədi Cəmil Seyidin ifasını bəyənir və onu Gəncə şəhərinə aparır. Burada zil səsi, əvəzolunmaz zəngulələri ilə tez bir zamanda məşhurlaşan xanəndə Tiflisə də dəvət alır. Orada həm işləmək, həm də yaşamaq təklifi əldə edərək fəaliyyətinə davam edir. Həmin dövrdə Tiflis Qafqazın mədəni həyatında mühüm əhəmiyyət kəsb edən mərkəz idi.  S. Şuşinski 22 yaşında ikən Tiflisin qaynar mədəni həyatına qədəm qoyur. Onun bədii zövqü və səhnə ustalığı 1911-1919-cu illərdə Tiflisdə yaşadığı dövrdə təkmilləşir. Məşhur xanəndə Əbülhəsən xan İqbal Soltanla tanış olur. Bu tanışlıq onun ifaçılıq üslubuna da təsir göstərir. Bu illərdə Şuşinski Azərbaycan bəstəkarlarının muğam operalarında çıxış edirdi. Əvvəl operaların fasilələrində oxuyardı, sonralar isə aktyor kimi çıxışları ilə tamaşaçıları heyran qoyardı. Tiflis Azərbaycan teatrının yaranmasında və təşkilində mühüm xidmətləri olan xalq artisti Mustafa Mərdanov öz xatirələrində yazır: "Seyid Şuşinski qabaqlar səhnəyə çıxmazdı, ancaq tamaşadan əvvəl və fasilələrdə pərdə qabağında oxuyardı. Tamaşaçılar onu sevirdi. Seyid teatrdan ayrılmazdı, boş saatlarını teatr məşğələlərinə həsr edirdi. Teatr işçiləri Seyidin inkişaf etməsi üçün ona kömək göstərirdilər. Beləliklə, o, opera və operettalarda çıxış etməyə başladı".(5). Seyid Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasında İbn Səlam, "Arşın mal alan" operettasında Əsgər, "O olmasın, bu olsun" musiqili komediyasında Sərvər rollarında çıxış etmişdir. Həmçinin Tiflis Azərbaycan teatrının Batumi, Mahaçqala və Dərbənd şəhərlərində teatr truppası ilə bir sıra opera və operettalarda aktyorluq bacarığını da nümayiş etdirmişdir.

Tiflis şəhərində azərbaycanlıların yaşadığı "Şeytanbazar" məhəlləsində teatr tamaşaları göstərmək üçün 1912-ci ilin aprel ayında Azərbaycan Xalq Evi - "Auditoriya" adlanan klub açılır. Təntənəli açılış mərasimində Seyid Şuşinskinin rəhbərliyi ilə "Şərq konserti" verilir. Onu da qeyd edək ki, sənətkar konsert və teatr tamaşalarından əldə etdiyi pulu tamaşaların və aktyorların ehtiyaclarına sərf edirdi. "Ekstrafon" səhmdar cəmiyyəti tərəfindən onun oxuduğu  muğamlar Kiyev şəhərində vala yazılmışdır. "Çahargah", "Nəva", "Bayatı-İsfahan", "Humayun", "Rast", "Mahur", "Zabul", "Şahnaz", "Mirzə-Hüseyn Segahı" muğamları, "Mani", "Arazbarı", "Mənsuriyyə" zərbi-muğamları musiqi xəzinəmizin qızıl fondunda yer almışdır.

Həmin illərdə Tiflisdə yaşayan azərbaycanlı şairlər, yazıçılar, ədiblər, aktyorlar, bir sözlə, ziyalılar tez-tez musiqili-ədəbi məclislər təşkil edərdilər. Belə məclislərdən birində Tiflisdə yaşayan mühərrir və aktyor İsmayıl Həqqinin  evində toplaşmışdılar. Həmin məclis haqqında professor Əziz Şərif sonralar xatirələrində yazırdı: "Məclisdə Hüseyn Cavid və Hüseyn Ərəblinski, habelə Tiflisdə yaşayan ziyalı və aktyorlardan Mirzəli Abbasov, Əliqulu Qəmküsar, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Nadir İbrahimov, Məmmədtağı Ələsgərov və başqaları iştirak etmişlər. Seyid Şuşinski də burada olmuşdur... Burada otuz beş-qırx adam toplaşmışdı. Qabaqca Nadir (Tiflis Azərbaycan teatrının aktyoru Nadir İbrahimov) tar çaldı, qızlar oynadı. Sonra Seyid oxudu... Seyidin "Şur" muğamına heç söz ola bilməzdi. Onun oxumağı hamını valeh eləmişdi... Seyid şikəstəni başladı, nə başladı! Tarı da Nadir çalırdı. Bu musiqidən adamın ruhu təzələnirdi".

Tiflisdə yaşadığı illərdə S.Şuşinski xeyriyyəçilik edirdi. O, "Molla Nəsrəddin" jurnalının vaxtaşırı işıq üzü görməsi üçün əlindən gələn köməyi əsirgəmirdi. Jurnalın mənəvi və siyasi əhəmiyyətini dərk edən xanəndə bir vətənpərvər olaraq toy məclislərindən, zəngin  insanların evində oxuyarkən əldə etdiyi qazancını qəzet və jurnalların dərcinə ayırırdı.

1919-cu ildə isə Seyid Şuşinski Bakıya köçür və ömrünün sonuna kimi bu gözəl şəhərdə yaşayaraq xalqına xidmət edir. Onun bütün yaradıcılığı Azərbaycan milli vokal məktəbinin təbliğinə yönəlmişdir. Böyük sənətkar bu sahədə ömrü boyu xalq musiqisini, muğamları yüksək professionallıqla ifa edərək, təkcə Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da tanınmışdır. Onun 1933-cü ildə təşkil etdiyi "Şərq musiqi ansamblı" adlı konsert proqramları keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yüksək səviyyəli çıxışları ilə uğur qazanmışdır. Seyid Şuşinski novator xanəndə idi. O, muğamlara yeni nəfəs, zəngin ifa çalarları, fərqli boğazlar verirdi. Bəzi muğamlara guşələr əlavə edir, bəzilərini isə birləşdirib oxuyardı. Bunlardan "Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz" dəstgahları  diqqətəlayiqdir. "Rast" və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə məhz S.Şuşinski oxumuşdur.

Görkəmli bəstəkarımız Fikrət Əmirov haqlı olaraq Seyid Şuşinskini "xalq musiqisinin çırpınan ürəyi" adlandırmışdı. Onun təşəbbüsü və köməyi ilə F. Əmirov milli simfonik musiqi sahəsində ilk nümunə olan "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yaratmışdı. Bu işdə görkəmli bəstəkarımıza təcrübəli xanəndə dəyərli məsləhətlər vermiş, muğam sahəsindəki bilgilərini onunla bölüşmüşdü.

Seyid Şuşinskinin müəllimlik fəaliyyəti barədə söz açmaq xüsusilə vacibdir. O, 1926-cı ildən Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmməd ilə birlikdə dahi bəstəkarımız Ü. Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında yeni açılan xanəndəlik sinfində dərs deməyə başlayır. Görkəmli pedaqoq Zülfü Adıgözəlov, Xan Şuşinski, Həqiqət Rzayeva, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova və başqalarının savadlı xanəndə kimi yetişməsində böyük xidmətlər göstərir.

S.Şuşinski respublikamızın musiqi həyatında ictimai xadim kimi də uzun illər fəal çalışmışdır. O, Füzuli Rayon Dövlət Dram Teatrının bədii rəhbəri, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, Opera və Balet Teatrında məsləhətçi kimi fəaliyyət göstərmişdir. Ömrünün 20 ildən artıq bir dövrünü isə Asəf Zeynallı adına Musiqi Məktəbində gənc nəslə muğam sənətinin sirlərini öyrətməyə həsr etmişdir. Tələbələrindən H.Rzayeva, Y.Kələntərli, Ə.Əliyev, R.Muradova, Z.Xanlarova, İ.Rzayev məhz onun təlimindən bəhrələnmiş, həyatlarını muğam sənətinə həsr etmişlər.      

Azərbaycan musiqi sənətində, muğam aləmində möhtəşəm ifaları ilə tanınan Seyid Şuşinski elə bir sistem və elmi ardıcıllıq yaradıb ki, onu heç bir ustad sənətkar təkrar edə bilməz. Bu səbəbdən təsadüfi deyil ki, muğam sənətində ən gözəl səsə və istedada malik olan xanəndələr onun məktəbinin yetirmələridir. Onun böyük səs diapazonu, sürəkli və şaqraq zəngulə vurmaq qabiliyyəti, tarın zil pərdələrində uzun müddət gedişlər etmək imkanları S.Şuşinskiyə xas olan fitri istedaddır.       

 

                                                                                                    Mənsum İBRAHİMOV,

                                                                                                    xalq artisti, professor

                                                                                                         


23:06 17.10.2014