KANAL24.AZ
Az Iw En Ru

“Koroğlu” səhnədə Çənlibeli xatırlatdı

Dünyanı dolaşan əsər bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnənəsində

Dünyanın klassik operaları sırasında adı şərəflə çəkilən “Koroğlu” dahi bəstəkar Üzeyir bəy Hacıbəyli yaradıcılığının kulminasiyası hesab olunur. 1932-1936-cı illərdə üzərində işlənən operanın ilk tamaşası 1937-ci il aprel ayının son günü olub.

Əsas süjet xəttinin "Koroğlu" xalq dastanından götürülən opera, nəinki  Vətəni Azərbaycanda, ümumiyyәtlә, Cənubi Qafqazda, Orta Asiya, Türkiyә vә İranda da geniş yayılıb. Operanın musiqisindә Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdә dünyagörüşü  öz әksini tapır. Tipik xalq qәһrәmanlıq dastanı olan "Koroğlu"da opera sәnәtinә xas bütün әlamәtlәr bәstәkarın milli musiqi tәfәkkürü süzgәcindәn keçәrәk kamillik sәviyyәsindә yaradılıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsi yeni teatr mövsümündə “Koroğlu”nun Çənlibelini xatırlatdı. Qıratın üstündə səhnəyə gələn Koroğlunun “Cəngi”si bir daha onu tamaşaçılarına sevdirdi.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operası Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, həmçinin Az.TV və Mədəniyyət kanallarının birgə layihəsi əsasında, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda, xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə tanınmış  gənc vokalçı, adıçəkilən teatrın solisti Ramil Qasımov Koroğlu obrazında özünün yeni səhnə həyatını yaşadı.

Əlbəttə, operanın tamaşaçıda yaratdığı yüksək əhval-ruhiyyənin müxtəlif səbəbləri olur. Baş rolun ifaçısı Ramil Qasımovdan, səhnədə çox qısa zaman kəsiyində görünməyi ilə yadda qalan  Təlxək obrazını yaşayan və yaşadan Əliəhməd İbrahimovun oyununadək hər kəsin yaratdığı obraz, təbii ki, onların sevib seçdiyi sənətə məhəbbətindən qaynaqlanırdı.

Burada aktyor  oyunundan rejissor işinədək, dirijorun hər bir işarəsi tamaşanın uğurlu  sonluğuna hesablanmışdı. Rolların ifaçılarının  (Nigar - İlahə Əfəndiyeva, Həsən xan - xalq artisti Şahlar Quliyev, Əhsən paşa - əməkdar artist Nizami Bağırov, Alı kişi - əməkdar artist Əkrəm Poladov, İbrahim xan – xalq artisti Əli Əsgərov, Həmzə bəy – Fərid Əliyev, Eyvaz - əməkdar artist İsmayıl Ələkbərov, xanəndə - əməkdar artist Gülyaz Məmmədova, Vəli - əməkdar artist  Sabir Əliyev və s.) sənətə vurğunluqları ilə  opera köklü səsləri, orkestrin onları müşayiəti bir-birini tamamlayırdı.

Tamaşaçıların  yəqin ki, daha çox yaddaşına yazılan isə Koroğlunun səhnəyə at belində gəlməsi idi. Axı,  tamaşaçı Koroğlunu bir xalq qəhrəmanı, igid kimi at belində, əzəmətli görmək arzusunda olub. Bu arzunun gerçəkləşdirilməsi isə operanın gücünü bir qədər də artırmışdı.

Ümumiyyətlə, 3 pərdəli, 5 şəkilli  “Koroğlu” operasının yeni quruluşda təqdimatı tamaşaçılarda xoş ovqat yaratmaqla, vətənə, torpağa, həmçinin milli mənəvi sərvətimiz olan musiqi sənətinə bağlılıq baxımından olduqca tərbiyəvi əhəmiyyətə malikdir.

Tamaşadan dərhal sonra Vyana şəhərinin məşhur konsert salonlarında (Vyananın orkestrinin müşayiəti ilə) konsert vermək üçün xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə xalq artisti Murad Hüseynov və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyevadan ibarət qrupla yola düşən baş rolun ifaçısı – Koroğlu (Ramil Qasımov) ilə qısa söhbətimizdən məlum oldu ki, 1938-ci ildә opera Moskvada Azәrbaycan incәsәnәti dekadasında da böyük müvәffәqiyyәt qazanıb. Bu, mədəniyyətimiz üçün böyük bir hadisə hesab edilib. Dahi Üzeyir bəy bu əsəri yazanda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün səs diapozonunu nəzərdə tutub. Məhz 1938-ci ildə əsər Dövlət mükafatına layiq görülüb: “ 12 yaşımdan mən bu operanın vurğunu idim. Mobil Əhmədovun Koroğlusunun səsinə heyran qalıb, bir dəfə özümdən asılı olmayaraq sənət müəllimim, xalq artisti Lütfiyar İmanova dedim ki, mən də vaxt gələcək, onun kimi oxuyacam. Lütfiyar müəllim isə üzünü mənə tutub dedi: “O gün olsun ki, sən bu operanı məndən də artıq ifa edəsən. Amma unutma ki, bu operanı ifa etmək üçün Koroğlunun 7777 dəlisindən biri olmaq lazımdır”.

  Bu sözləri o, tələbəlik illərində ilk solo konsertində  söyləyib. İllər ötdü, bu operanın mahir ifaçılarından biri də Ramil Qasımov özü oldu: “Bu operanı ifa etmək mərhum ustadımın ən böyük arzusu idi. O, hər zaman deyirdi ki, mənə bu rolu ifa etmək qismət olmadı. Amma inanıram ki, sənə qismət olacaq. Mən də bu operanı ilk dəfə müəllimimin ustadı dahi Bülbülün əziz xatirəsinə ithaf etdim. Şübhəsiz ki, məndən öncə bu partiyaya müraciət edənlərin də özünəməxsus ifaları yaddaşlara həkk olunub. Ona görə də çalışıram ki, zaman keçdikcə, ifalar dəyişdikcə nəsillər bir-birini əvəzlədikcə xalq qəhrəmanımız olan Koroğlunun obrazı opera sənətinin imkanları ilə bu səhnədə öz əzəmətuylə yaşasın”.

Tamaşaçılar haqlı olaraq  bir çox hallarda Koroğlu obrazında iştirak edən baş qəhrəmanları müqayisə edirlər. Buna münasibətini bildirən Ramil Qasımova görə, həmin partiyanı ifa edən tenor Azərbaycan opera sənətində yüksək peşəkar ifaçı sayılır. Çünki hər il Koroğlu partiyasını ifa edən ifaçılar yetişmir: “Ona görə yox ki, şərait yaradılmır və yaxud icazə verilmir. Əksinə, bu gün ölkəmizdə istedadlı gənclərə geniş və lazımı şərait yaradılır. Həmçinin tam əminliklə deyə bilərəm ki, Akademik Opera və Balet Teatrında səsi, inamı olan istedadlara tam yaşıl işıq yandırılır”.

Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli VI Beynəlxalq musiqi festivalı çərçivəsində 80 ilə yaxın səhnədə daim öz əzəmətini qoruyub saxlayan "Koroğlu" operasını Akademik Opera və Balet Teatrının yaradıcı və texniki heyəti, o cümlədən  Koroğlunun  böyük məhəbbət, məsuliyyət və sevinc hissi ilə təqdim etmələri hər pərdədən sonra  səhnəni və tamaşaçı salonunu bürüyən alqışlardan da məlum idi.

 

                                                                                                  Məhəmmməd NƏRİMANOĞLU,

                                                                                                              “Kanal24”


22:39 17.10.2014