KANAL24.AZ
Az Iw En Ru

Əli Həsənov işğal olunmuş ərazilərdə İran şirkətlərinin fəaliyyətindən narahatdır

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal olunmuş Azərbaycan ərazilərində İran şirkətlərinin fəaliyyət göstərməsindən narahatlığını bildirib.

Trend-in məlumatına görə, Ə.Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında işğal olunmuş Azərbaycan ərazilərində iranlı iş adamlarının fəaliyyət göstərməsi və bunun qarşısının alınması üçün hansı tədbirlərin görülməsi ilə bağlı sualın cavabında deyib ki, ticarətçinin nə milləti var, nə də sərhədi: "O, yalnız bir şey bilir - ticarət və pul qazanmaq. Bu, hər yerdə belədir. Bakı kürüsünün İrəvanda necə satıldığını deyə bilərsiniz? Yox. Biz də, İran tərəfi də çalışmalıdır ki, belə şeylər olmasın. Çalışmalıyıq ki, ticarətçi Vətənini, dövlətini, torpağını, şəxsi mənafeyinə satmasın”.

İranlı nazir isə bildirib ki, işğal olunmuş Azərbaycan ərazilərində İranın dövlət şirkəti yoxdur: "Ola bilər ki, özəl şirkətlər olsun. Amma dövlət tərəfindən işğal olunmuş ərazilərdə heç bir sərmayə qoyulmur".

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin sözlərinə görə, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanan ikitərəfli bəyannamədə qeyd olunub ki, işğal olunmuş ərazilərdə İranın hər hansı şirkətinin fəaliyyəti qadağan edilir: "Ona görə də əgər belə bir şey olarsa, İran dövləti bunun qarşısını dərhal alacaq".


03:00 18.04.2015