KANAL24.AZ
Az Iw En Ru

ATƏT DTİHB-nin yeni direktoru: "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimi bildirirəm"

Bu gün Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTHİB) direktoru Mixael Link ilə görüşüb.

Ölkəmizin ATƏT və onun institutları ilə əməkdaşlığa çox önəm verdiyini vurğulayan B.Muradova bildirib ki, Azərbaycan quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb. Ötən yay ATƏT PA-nın iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoyub. Həmin sessiyada verilən qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir.

Ölkəmizin DTİHB ilə əməkdaşlığından bəhs edən vitse-spiker xatırladıb ki, ötən dövr seçkilərin monitorinqi ilə bağlı ciddi polemika ilə də yadda qalıb. B.Muradova bildirib ki, 2005-ci ildən etibarən ATƏT PA-da müxtəlif ölkələrdəki seçkilərin monitorinqi ilə əlaqədar ən gərgin müzakirələrin şahidi və iştirakçısı olub.

Söhbət zamanı qonağa bu il Azərbaycanda seçki ili olduğu, bu mühüm siyasi prosesə ciddi hazırlığın getdiyi bildirilib. Seçki zamanı DTİHB-nin obyektiv monitorinq aparacağına inam ifadə olunub. Qeyd edilib ki, ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək.

Görüşdə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru M.Link qəbula görə təşəkkürünü bildirib. Bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu xüsusi vurğulayan M.Link qeyd edib ki, hər işə başlayanda öncə qanunlara və prinsiplərə riayət etmək vacibdir: “Bundan əvvəlki səfərlərimdə olduğu kimi, bu dəfə də ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimi bildirirəm. Bu yanaşmanı hazırkı mandatıma – direktoru olduğum DTİHB-yə də tətbiq etməyə çalışıram”.

Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.


02:21 09.04.2015