KANAL24.AZ
Az Iw En Ru

Dövlət Yanğından Mühafizə Xidməti problemləri açıqladı (MÜSAHİBƏ)

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rasim Kərimovun Trend-ə müsahibəsini t'qdim edir:

- Əhali arasında yaranmış belə bir fikir var ki, yanğınsöndürənlər çağırışdan sonra hadisə yerinə çox zaman gecikirlər. Bu fikirlə nə dərəcə razısınız?

- Yanğın elə bir hadisədir ki, kimin evində və ya obyektində baş verirsə, həmin vaxt insanlar istər-istəməz emosional vəziyyətdə olur və hər saniyə onlar üçün uzun zaman kimi görünür. Bu baxımdan bizi gecikmədə ittiham edənləri buna görə heç qınamırıq. Bizim əməkdaşlarımız daim yanğın yerinə gələndə belə hallarla rastlaşırlar. Onlardan həmişə niyə gec gəldiklərini soruşurlar. Bir şeyi anlamaq lazımdır. Bakıda - çoxlu sayda avtomobil hərəkətinin, yollarda taxıcların olduğu bir şəhərdə yanğın hissələrinin dislokasiyasını nəzərə alaraq, onların hadisə yerinə çatmasında nə qədər maneə və əngəllərin olduğunu demək olar ki, hamı bilir. Bakıda yanğınsöndürən avtomobilin hərəkəti üçün faktiki olaraq heç bir üstünlük yoxdur. Məsələn, onların işıqforda dayanmaması, qadağan olunmuş yerdən keçə bilməsi deyə bir şey yoxdur. Bu yalnız o halda ola bilər ki, sürücü yüz faiz əmin olsun ki, işıqforda qırmızı işıqdır, amma yolayrıcında heç kim, maneə yoxdur. Sürücü yalnız əlavə heç bir problem olmayacağına əmin olduqdan sonra birbaşa hərəkət edə bilər və buna görə o, qanunvericiliklə heç bir məsuliyyət daşımayacaq.

Qanunvericililiyə görə yanğınsöndürən maşınlar üstünlüyə malik hərəkət vasitəsi hesab edilsə də, bu o demək deyil ki, onlar günün günorta vaxtı necəgəldi hərəkət edə bilər. Sürücü yalnız heç bir qəza şəraiti yaranmayacağına əmin olduqdan sonra digər avtomobillər üçün qadağan olunmuş qaydalara əməl etmədən keçib gedə bilər. Amma bu hallar Bakıda praktiki olaraq yox dərəcəsindədir. Hətta gecələr də şəhərdə intensiv hərəkət olur. Ona görə də yanğın texnikamız hadisə yerinə hərəkət edəndə demək olar ki, adi vətəndaşın nəqliyyat vasitəsi səviyyəsində hərəkət etməli olur.

- Yanğın texnikasının hadisə yerinə maksimum hərəkət sürəti nə qədər nəzərdə tutulur?

- Yanğın texnikası istəsə də, yüksək sürətlə hərəkət edə bilməz. Çünki yanğın avtomobilləri ağırtonnajlı avtomobillərdir və çəkisi 20 tondan yuxarıdır. Çənləri su ilə dolu olduğundan onlar şəhər daxilində 30-35, maksimum 40 km/saat sürətlə hərəkət edə bilir. Əgər avtomagistrallarda sürət həddi 80 km/saat qoyulubsa, bizim texnikamız orada 60 km/saatdan yuxarı hərəkət etməməlidir. Əgər o texnika yüksək sürətlə hərəkət etsə, onun aşma, qəza törətmə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı artır. Ona görə də yanğınsöndürmə briqadalarımızın hadisə yerinə müəyyən qədər gec çatması hallarını heç də gecikmə hesab etmirik. Çünki bu, obyektiv səbəblərdən olur. Tıxacda nə sağa, nə sola, nə irəli, nə də geri hərəkət etmək olur. Mən yanğından mühafizə xidmətinin qüvvələrinin, yanğın texnikasının hansısa hadisəyə çıxmaması və yaxud gedib müdaxilə etməməsinə təcrübəmdə rast gəlməmişəm. Bu, nəinki Bakıda, heç bölgələrdə də mümkün olan şey deyil.

- Paytaxtda yanğınların söndürülüməsində əməkdaşlara və texnikaya maneə yaradan amillər varmı?

- Bəli. Bəzi yerlər var ki, ora yanğın texnikası girə bilmir. Bakı elə bir şəhərdir ki, burada qədim, köhnə məhəllələr də var. Həmin ərazilərdə yolların, keçidlərin darlığı bizim texnikanın orada manevr etməsinə müəyyən maneçilik törədir. Elə küçələr var ki, ora yalnız bir maşın girə bilir. Amma elə hadisələr də olur ki, ora 10-15 maşın girməli, orada yüksəkliyə qalxan avtoqaldırıcılar quraşdırılmalıdır. Qaldırıcının quraşdırılması üçün yerdə minimum 7-7,5 m məsafə lazımdır. Ancaq elə küçələrimiz var ki, onların eni cəmi 4-5 metrdir. Yer məhdudiyyəti səbəbindən biz həmin texnikanı orada quraşdıra bilmirik ki, bu da yanğına operativ və effektiv müdaxilədə müəyyən çətinliklər yaradır. Texnikanın dar küçələrə girməsinə məhdudiyyət olduqda biz məcburiyyət qarşısında avtomobilləri mümkün olan yerdə saxlayıb hadisə yerinə suyun nəqlini əlavə yanğın şlanqları vasitəsilə həyata keçiririk. Təbii ki, həm əlavə əmək, həm də əlavə vaxtın sərf edilməsi bizim üçün artıq iş və problemdir. Çünki bir var, döyüş açılışını yanan obyektin yanında edib yanğını operativ söndürəsən, bir də var ki, əlavə şlanqlar qoşmaqla suyu 500 m, 1 km-dən nəql edəsən. Bu da təbii ki, hadisəyə müdaxilədə müəyyən çətinliklər yaradır. Düzdür, texnikamız lazımi yanğınsöndürmə avadanlığı ilə təmin olunub. Biz məsafədən asılı olmayaraq, yəni 3-5 km məsafədən də olsa, şlanqlar vasitəsilə suyu nəql edib yanğını söndürürük.

- Bəs yanğının söndürülməsində su təminatı məsələsini necə həll edirsiniz?

- Şəhərdə yanğına qarşı su təminatında iki üsul var. Bunlar yanğına qarşı su anbarları və ya su hovuzları, digəri isə su hidrantlarıdır. Su hidrantları şəhərin su şəbəkəsinə qoşulmuş hidrotexniki vasitələrdir. Onlar yeraltı və yerüstü olurlar. Böyük obyektlərdə, məhəllələrdə isə yanğına qarşı su anbarları və ya hovuzlarından istifadə edirik. Həm Bakı, həm də respublika üzrə həmin su anbarlarının hamısının qeydiyyatı aparılıb. Harada süni və təbii su mənbələri varsa, onlar haqqında bizdə məlumatlar var, onlarla bağlı xüsusi sənədləşmə aparılır. Yanğınsöndürmə rəhbərləri hadisə yerinə gedəndə ondan mütləq istifadə edirlər. Düzdür, su hovuzları ilə də bağlı bəzi problemlərimiz var. Bəzən nasazlıqdan suyun axması nəticəsində hovuzlarda su olmur. Bəzən isə hansısa vətəndaş hovuzun yaxınlığında obyekt tikdiyindən və ya ərazini qeyri-qanuni olaraq zəbt etdiyindən ora yaxınlaşmaq olmur. Bu hallara qarşı Fövqəladə Hallar Nazirliyinin digər qurumu - Dövlət Yanğın Nəzarəti Xidməti ciddi mübarizə aparır.

- Hazırda ölkədə yanğınlara vaxtında müdaxilə və onların söndürülməsi məqsədilə maddi-texniki bazanın və infrastrukturun təkmilləşdirilməsi üçün hansı tədbirlər görülür?

- Yanğından mühafizə ilə bağlı infrastruktur həm genişlənir, həm də yenilənir. Hazırda təkcə Bakı şəhərində əlavə 20-dək yanğından mühafizə bölməsinin inşası gedir və yekunlaşmaq ərəfəsindədir. Abşeron yarımadasında olan bütün kənd və qəsəbələr həmin bölmələrlə əhatə olunacaq. Tədricən isə onların fəaliyyətini təmin edəcəyik. Bununla da bu ərazidə yanğın yerinə çatma problemlərimiz 80-90 faiz aradan qaldırılacaq. Məsələn, indiyədək Biləcəri qəsəbəsində baş vermiş yanğın yerinə 9-cu mikrorayonda yerləşən yanğın hissəsi getməli və buna 5-6 dəqiqə sərf etməli idi. İndi isə Biləcəridə yeni bölmənin tikilməsi ilə bu vaxt iki dəfə azalacaq və yanğına ilkin müdaxilə daha tez olacaq. Yanğının söndürülməsinin müvəffəqiyyəti isə məhz ilk müdaxilənin tezliyindən çox asılıdır. Çünki yanğının yayılma sürəti və inkişafı var. Zaman keçdikcə yanğın daha böyük ərazini əhatə edə və daha böyük fəsadlar törədə bilər.

Eyni proses regionlarda da gedir. Hələ sovet dövründə tikilmiş və qəzalı vəziyyətdə olan depolar yenisi ilə əvəz olunur, yeni binalar tikilir. Məsələn, son 10 ildə ölkənin cənub zonasında yanğın depoları demək olar ki, 100 faiz yenidən inşa olunub. Bu il və gələn il Yardımlı və Lerikdə də bu işlərə başlanacaq. Müasir texnikaların alınmasında isə ümumiyyətlə, problemlərimiz yoxdur. Artıq istər Bakıda, istərsə də regionlarda sovet dövründən qalan bütün texnika istismardan çıxarılıb. Bakıda 30-40 metr hündürə qalxan kifayət qədər avtonərdivanlarımız, çoxmərtəbəli binaların söndürülməsi üçün isə 104, 68 və 54 metrlik hündürə qalxan yanğın texnikamız var. Ümumiyyətlə, respublika tabeli şəhərlərdə harada hündürmərtəbəli binalar varsa, orada yüksəkliyə qalxan texnikamız var. Bununla bağlı yeni texnikaların alınması işi bundan sonra da davam etdiriləcək.


01:18 04.04.2015
Xəbər lenti
Bütün xəbərlər