KANAL24.AZ
Az Iw En Ru

Nazir müavini: “Azərbaycanda 6700-ə yaxın yeni iş yeri yaradılacaq” - YENİLƏNDİ

“Ötən il Azərbaycanda 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

Nazir müavini deyib ki, atılan bu cür addımlar nəticəsində Azərbaycanda 6700-ə yaxın yeni iş yeri yaradılacaq:

“Təqdim edilmiş layihələrin 45 faizi kənd təsərrüfatı, 55 faizi isə sənaye sahələrində olmaqla onların 40 faizi Bakı ətrafı qəsəbələri və Abşeron rayonunda, 60 faizi isə regionların payına düşür ki, bu da regional inkişafa öz təsirini göstərəcək”.

S.Həsənova vurğulayıb ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların sayı 1000 dəfə azaldılıb:

“Hesab edirəm ki, yoxlamaların azalması onların sərbəst fəaliyyətinə şərait yaradıb”.

Nazir müavini qeyd edib ki, büdcə konsolidasiya tədbirlərinin və sərt pul siyasətinin həyata keçirildiyi bir şəraitdə iqtisadi fəallığəın və məşğulluğun təmin edilməsi məqsədi ilə ölkə iqtisadiyyatına yerli və xarici maliyyə resurslarının cəlb edilməsi və tədiyyə balansının tarazlığının təmin edilməsi üçün dövlətin təşviq mexaznimlərinin tətbiqinin əhəmiyyəti daha da artıb:

“Bununla əlaqədar ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizminin özəl investisiyanın artımına ciddi töhfə verib”.

***

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası işə başlayıb.

İclasın gündəliyinə Hesablama Palatasının “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı daxil edilib.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov. maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat, vergilər və digər nazirliklərin nümayəndələri iştirak edir.

İclasda ilk çıxış edən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb:

“Dünyada ölkələr arasında toqquşmalar, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz stabillik nümayiş etdirir. Bunun nəticəsidir ki, dünyada gərginliyə baxmayaraq Azərbaycan iqtisadiyyyatı öz inkişafını davam etdirir”.

Z.Səmədzadə qeyd edib ki, “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisə vaxtında təqdim edilib.

Onun sözlərinə görə, komitə üzvləri sənədlə yaxından tanış olublar.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırıb və dollar bahalaşıb:

“Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib”.

Nazir müavini qeyd edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb:

“ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illlə müqayisədə 5,7 faiz bəndi çoxdur”.

A.Bayramov əlavə edib ki, hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik.

Hazırda iclas çıxışlarla davam edir.(Publika.az)


19:39 25.05.2017