KANAL24.AZ
Az Iw En Ru

Cəmşid Naxçıvanskinin 120 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2015-ci ilin avqust ayında görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur.

Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirə layiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir.

Azərbaycan xalqı qarşısında mühüm xidmətləri olan böyük sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


02:35 03.04.2015
Xəbər lenti
Bütün xəbərlər