KANAL24.AZ
Az Iw En Ru

Abramyanın yubileyini keçirən Moskva ÜAK-ı ləğv etməklə...

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ədalətsiz bir yanaşmadır və kəskin qınayırıq. Bu qərar eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək bir hadisədir.

Bu sözlər  açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatını ləğv etməsinin yaratdığı gərginliyə toxunan Q.Paşayeva bildirib ki, Rusiya Ədliyyə Nazirliyinin təşkilatın bağlanılması üçün çalışması təəssüf doğurur:

“Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük tədbir keçirən Moskva bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana bu cür münasibət göstərirsə, bu, artıq Rusiyadan bir daha ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi heç bir zaman ədalətli mövqe gözləməyin mümkünsüz olduğunu ortaya qoyur. Rusiya çoxmillətli dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır və orada yaşayan azərbaycanlıları da ciddi şəkildə narahat edəb bir hadisədir. Bu addımı atanlar Azərbaycana və ya azərbaycanlılara hansısa maraqlar üçün təzyiq etdiyini düşünə bilər, amma Azərbaycan və azərbaycanlılarda bu qərarın nə qədər hiddət doğurduğunun fərqində belə deyillər bəlkə də. Çünki bütün azərbaycanlılar bu qərarın siyasi bir addım olduğunu anlayır”.

Buna baxmayaraq, millət vəkili Rusiyanın bu məsələləri ətraflı araşdıracağına və ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcəyinə ümid etdiyini də bildirib:

“Bu məsələdə erməni faktorunun təsirinə gəlincə, təbii ki, var, çünki onlar hər zaman Azərbaycan və azərbaycanlılar əleyhinə aktiv fəaliyyət göstərir və Moskvanın rəsmi dairələrində olan antiazərbaycan qüvvələri ilə ciddi işbirliyi qururlar. Amma burada məsələ daha ciddidir”.

Q.Paşayeva Rusiyadan belə bir addımı hər zaman gözlədiyini də dilə gətirib:

“Şəxsən mən hər zaman onlardan bu cür addımlar gözləyirəm. Çünki Rusiya əksər hallarda bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana münasibətdə ədalətli mövqe sərgiləmir. Ümid edirəm ki, bu ölkədə yaşayan azərbaycanlılar Ədliyyə Nazirliyinin bu qərarının ədalətsiz olması ilə bağlı daha yuxarı məhkəmə instansiyalarına və Rusiya rəsmilərinə müraciətlərini davam etdirəcək və özəlliklə bu ölkədəki tanınmış azərbaycanlılar bu qərarın ləğvi üçün fəallıqlarını daha da artıracaqlar”.


05:27 19.05.2017
Xəbər lenti
Bütün xəbərlər