KANAL24.AZ
Az Iw En Ru

SOCAR Avropa maliyyə bazarında ilk dəfə 15 illik avrobondlar yerləşdirdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib.

ARDNŞ-in saytı məlumat verir ki, Azərbaycan Respublikasında iqtisadi inkişaf, ölkənin sabit iqtisadi inkişaf göstəriciləri, SOCAR-ın 100% dövlət mülkiyyətində olması, şirkətin mövcud vəziyyəti, eləcə də avrobondların buraxılışı ilə əlaqədar görülən işlər dünyanın müxtəlif regionlarından olan investorlar arasında böyük marağa səbəb olub. İnvestorların marağını nəzərə alaraq, qiymətli kağızların faiz dərəcəsi illik 6.95% təşkil edib.

SOCAR tərəfindən yeni buraxılan avrobondların coğrafi bölgüsü Birləşmiş Krallıq (39%), Avropa (18%), ABŞ (41%) və digər regionlar (2%) nisbətində həyata keçirilib. Avrobondların 93%-i fond idarəçiləri, 5%-i banklar, 2%-i təqaüd fondları tərəfindən alınıb.

Xatırladaq ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London Fond Birjasında avrobondlar emissiya etdikdən sonra 2013-cü ilin mart ayında ümumi həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4,75% və müddəti 10 il olan ikinci avrobond emissiyasını uğurla həyata keçirib.


23:33 29.03.2015