Təbii mineral sular adi sudan tərkibində olan mineral maddələrin miqdarına, fiziki xüsusiyyətlərinə, qaz tərkibi və qazla doymasına, bioloji fəal mikroelementlərinə və üzvi maddələrin olmasına görə fərqlənir. Mineral suların tərkibində yerin təkində olan kimyəvi elementlər var və həmin elementlər sərbəst və yaxud müxtəlif birləşmələr şəklində olur. Ən geniş yayılan elementlər natrium, maqnezium, kalsium kationları, xlor, sulfat və hidrokarbonat anionlarıdır. Mineral suların tərkibində olan manqan, mis, sink, molibden, dəmir, arsen, kobalt, bor, brom, ftor, yod kimi mikroelementlər orqanizmdə müxtəlif fermentlərin tərkibinə daxil olaraq maddələr mübadiləsində iştirak edirlər. Yeraltı suların orqanizmə təsiri müəyyən qədər kimyəvi, mexaniki və termiki amillərlə bağlı olsa da, əsas yeri tərkibindəki ionların kimyəvi xüsusiyyətləri tutur.
Kanal24.az AZƏRTAC-a istinadən bildirir ki, mineral suların əsasən həzm sistemi, yuxarı tənəffüs yolları, sidik-ifrazat sistemi, mübadilə pozğunluğu ilə gedən xəstəliklərdə, anemiya, osteoporoz və paradontoz zamanı istifadə edilməsi daya yaxşı səmərə verir. Müalicə məqsədilə həm içilir, həm inhalyasiya, imalə və şırınqa edilir, həm də vanna qəbul olunur.