KANAL24.AZ
Az Iw En Ru

AP-də Bakıya qısqanclıq və paxıllıq var - Senatordan etiraf

Azərbaycan demokratiya və insan hüquqlarıın qorunması istiqamətində çox ciddi addımlar atıb. Şərqdə ilk dəfə olaraq qadınlara səsvermək hüququ 1918-ci ildə məhz Azərbaycanda verilib.

Bu fikirləri açıqlamasında İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, senator, Avropa Parlamentinin deputatı Fiorella Provera bildirib.

Senator deyib ki, ümumiyyətlə, mükəmməl demokratiya uğrunda gedən yol çox mürəkkəb olur:

“Ona görə də nəinki Azərbaycanda, İtaliyada da demokratiyanın inkişafı istiqamətində hələ xeyli işlər görülməlidir. Mən həm İtaliya Senatı, həm də Avropa Parlamentinin deputatı olaraq Azərbaycanda keçirilən seçkilərdə dəfələrə müşahidəçi olmuşam və sərbəst şəkildə öz fikirlərimi bildirmişəm. Baxmayaraq ki, mən Azərbaycanı özümə dost hesab edirəm, ancaq şəxsi məsələmlə işimi, vəzifəmi bir-birinə qarışdırmamışam”.

Fiorella Provera Avropa Parlamentinin bir sıra deputatlarının Azərbaycana qarşı qərəzli olmasını etiraf edib:

“Bir məsələni burada açıq şəkildə etiraf etmək istəyirəm. Həm Avropa, həm də digər dövlətlərin parlamentlərində Azərbaycana qarşı açıq qısqanclıq və paxıllıq mövcuddur. Həmin deputatlar Azərbaycan kimi bəzi ölkələrdə konkret faktlara göz yumurlar, əvəzində isə qərəzli mövqe ortaya qoyurlar. Mən onları “düşmən” adlandırmaq istəmirəm. Amma həmin şəxslər Azərbaycana qarşı çox ədalətsiz olurlar”.

İtaliyalı deputat qeyd edib ki, bir sıra avropalı deputatlar Azərbaycanda demokratik təkamülü görmək istəmirlər:

“Hətta Azərbaycanın hüquqlarını pozaraq, Dağlıq Qarabağın sülh yolu ilə işğaldan azad olunmasına belə əngəl yaratmağa çalışırlar. Dağlıq Qarabağla bağlı kifayət qədər məlumatım var və bilirəm ki, bu məsələ Azərbaycan üçün nə dərəcədə ağrılıdır”.

Senator Dağlıq Qarabağla bağlı lobbiçiliyin gücləndirilməsini təklif edib:

“Hesab edirəm ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsi istiqamətində hələ çox işlər görməlidir, xarici ölkələrdən ciddi dəstək qazanmaq üçün böyük lobbi yaratmalıdır. Çünki bu gün dünyada güclü erməni lobbisi mövcuddur. Bu lobbi ilə mübarizə apara biləcək lobbi yaradılmalıdır. Bunun üçün biz diplomatiyadan, parlamentlərarası münasibətlərdən, mədəniyyətdən, idmandan, gənclərlə münasibətlərdən yararlanmaq lazımdır. Əminəm ki, Azərbaycan bunu tezliklə həyata keçirəcək. Bu istiqamətdə geniş təbliğat aparmaq, gənclər arasında əlaqələri genişləndirmək vacibdir. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin əməkdaşlığında da fundamental rol oynayır. Azərbaycanlı gənclər bu gün İtaliyanın bir çox şəhərlərində təhsil alırlar. Lobbiçilik və digər bu kimi məsələlərdə həmin gənclərin rolundan da yararlanmaq olar”.


22:29 27.04.2017